Son dəqiqə

Azərbaycan

"Valvitalia Group" Azərbaycanda istehsalın lokallaşdırılması imkanlarını müzakirə edir

Bakı,TurkicWorld

İtaliyanın "Valvitalia Group" şirkəti Azərbaycanda potensial istehsalın lokallaşdırılması imkanlarını müzakirə edir.

Bunu "Valvitalia Group" şirkətinin baş icraçı direktoru (CEO) Andrea Forzi bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan şirkət üçün mühüm əhəmiyyət daşıyan ölkələrdən biridir və burada elan edilmiş mühüm layihələr şirkətin marağını artırır.

"Azərbaycan bizim üçün, xüsusilə də elan edilmiş mühüm layihələri nəzərə alsaq, çox vacib ölkədir. Buna görə də ölkənin imkanlarını daha yaxından öyrənməkdə maraqlıyıq. Hazırda potensial lokallaşdırma ilə bağlı da müzakirələr aparırıq", – deyə A.Forzi bildirib.

Şirkət rəhbəri Azərbaycanın enerji ixracı potensialını, o cümlədən "yaşıl enerji" sahəsindəki planlarını da müsbət qiymətləndirib.

Onun sözlərinə görə, "yaşıl enerji" planetin gələcəyi üçün fundamental əhəmiyyət daşıyır və bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi olduqca vacibdir.

"Düşünürəm ki, "yaşıl enerji" planetimizin gələcəyi üçün əsas amildir. Bu sahədə təşəbbüsləri dəstəkləyən hər bir fəaliyyət yüksək qiymətləndirilməlidir", – deyə o qeyd edib.

A.Forzi Azərbaycan-İtaliya biznes-forumunun əhəmiyyətinə də toxunaraq bildirib ki, bu cür platformalar şirkətlərə yerli tərəfdaşlarla görüşmək, işgüzar əlaqələr qurmaq və mövcud münasibətləri möhkəmləndirmək imkanı yaradır.

"Biznes-forumlar hər zaman vacibdir. Onlar şirkətlərə yerli operatorlarla görüşmək və əlaqələrini gücləndirmək imkanı verir", – deyə o əlavə edib.

Mövzuya görə xəbərlər