Bakı,TurkicWorld
Noyabrın 23-də prokurorluq orqanlarına qulluğa qəbul üzrə 30 vakant ştat vahidi üçün keçirilən müsabiqənin yazılı imtahanında 133 namizəd iştirak edir. Onlardan 47-si qadındır.
TurkicWorld-un müxbiri xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqənin yazılı imtahan mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu gün 30 ştat vahidi üzrə növbəti, sayca artıq 28-ci müsabiqənin ikinci mərhələsindəyik", – deyə o bildirib.
Heydər Məmmədovun sözlərinə görə, müsabiqənin birinci mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Test imtahanında uğur qazanan 133 namizəd hazırda yazılı imtahanda iştirak edir. Müsabiqənin üçüncü mərhələsi müsahibədir. Baş prokurorun müavini bu il qəbul qaydalarında dəyişiklik edilmədiyini də qeyd edib.
O bildirib ki, yazılı imtahanda iştirak edən namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Heydər Məmmədov qeyd edib ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası imtahanın aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsini təmin edir. İmtahanı aidiyyəti qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.
Onun sözlərinə görə, Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na uyğun olaraq, yazılı imtahan işlərini Müsabiqə Komissiyası və dəvət olunan mütəxəssis "ikiqat yoxlama" üsulu ilə yoxlayacaqlar. Yekun nəticələr media vasitəsilə açıqlanacaq və Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdiriləcək.
"Bizim əsas məqsədimiz təkcə vakant ştat vahidlərinin komplektləşdirilməsindən ibarət deyil. Burada qarşıya qoyulan hədəf daha fundamentaldır, daha stratejidir", – deyə Baş prokurorun müavini vurğulayıb.
O bildirib ki, istedadlı gənclərin müəyyənləşdirilməsi və potensialının üzə çıxarılması prokurorluğun kadr siyasətinin əsas istiqamətlərindəndir. Məqsəd yüksək nəzəri biliklərə və mənəvi-əxlaqi keyfiyyətlərə malik, dövlətçiliyə sədaqəti ilə seçilən yeni nəsil hüquqşünaslar yetişdirməkdir.
Heydər Məmmədovun sözlərinə görə, 2002-ci ildən müsabiqə yolu ilə qulluğa qəbul olunan ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil edirlər. Onların böyük əksəriyyəti daha yüksək təsnifatlı vəzifələrə irəli çəkilib, bir hissəsi isə hazırda rəhbər vəzifələrdə çalışır.