Son dəqiqə

Ağdam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Ağdamda keçirilən regional konfrans başa çatıb

BAKI,TurkicWorld

Aprelin 15-də Ağdamda keçirilən “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.

TurkicWorld xəbər verir ki, konfransın “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri" mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qloballaşma və informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə din xadimlərinin fəaliyyətindən danışıb. O, cəmiyyətin mənəvi-əxlaqi inkişafında din xadimlərinin roluna toxunub. Qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq, din xadimləri dini biliklərlə yanaşı, geniş dünyagörüşünə də malik olmalıdırlar. O həmçinin dövlət tərəfindən din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılması və sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli “Dövlət-din münasibətlərinin mahiyyəti və modelləri” mövzusunda çıxışında dinin mənəvi-əxlaqi dəyərlərin formalaşmasında fəal iştirak edən, dövlətin isə cəmiyyətdə qaydaları müəyyən edən institut olduğunu vurğulayıb. Müasir dünyada geniş yayılan sekulyarizm modelinin fərdi dini azadlıqları təmin etdiyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin Ağdam üzrə səlahiyyətli nümayəndəsi, Ağdam şəhər Cümə məscidinin imamı Mehman Nəsirov bildirib ki, Azərbaycan zəngin dini-mədəni irsə malikdir, dövlət-din münasibətləri tolerantlıq, multikulturalizm və vicdan azadlığı prinsiplərinə əsaslanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində dini müxtəliflik qorunur, dini etiqad azadlığının təmin olunması üçün hüquqi baza yaradılıb və bu kurs uğurla davam etdirilir.

Konfransın Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə keçirilən ikinci panel sessiyası “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzusuna həsr edilib.

Paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “İslam dünyasında məzhəblərarası fərqliliklərin dini radikalizmin yaranmasına təsiri” mövzusundakı çıxışında dinlərdə məzhəblərin yaranmasının insanın idrak xüsusiyyətləri və fərqli yanaşmaları ilə bağlı təbii hal olduğunu, lakin tarix boyu bu fərqliliklərin bəzən münaqişə və qarşıdurmalara səbəb yaratdığını qeyd edib. “Məzhəblərarası münasibətlərə çox vaxt siyasi amillər təsir göstərmiş, lakin bəzi dövrlərdə alimlərin səyləri ilə qarşılıqlı anlaşma və yaxınlaşma təşəbbüsləri də ortaya çıxmışdır. Azərbaycan nümunəsi isə məzhəblərüstü yanaşma, tolerantlıq və vəhdət prinsipləri ilə seçilərək İslam dünyasında birlik və həmrəyliyin mümkünlüyünü göstərir” – deyə bildirib.

Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov müstəqilliyimizin ilk illərində Qarabağ bölgəsində ənənəvi olmayan dinlər, təriqətlər və cərəyanların yayılmasına təsir edən amillər və bölgədə dini-durumun mövcud vəziyyəti barədə danışıb.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Dövlət-din münasibətləri kontekstində tarixi-dini abidələrin mühafizəsinin əhəmiyyəti və perspektivləri” mövzusunda çıxış edib. Tarixi dini abidələrin qorunması və bərpasının milli kimliyin, mənəvi dəyərlərin və ümumbəşəri mədəni irsin saxlanılmasında mühüm rol oynadığını, eyni zamanda tolerantlıq və multikulturalizmi gücləndirdiyini deyib. Bu siyasətin həm cəmiyyətin daxili həmrəyliyini möhkəmləndirdiyini, həm də dövlətin beynəlxalq nüfuzunun artmasına və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyini vurğulayıb.

Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, keçirilən müzakirələr dövlət-din münasibətlərinin hüquqi və institusional əsaslar üzərində inkişaf etdirilməsinin, sağlam dini mühitin və milli-mənəvi dəyərlərin, milli kimliyin qorunmasının vacibliyini bir daha təsdiqləyir. Panel sessiyalarda səsləndirilən fikirlər bu sahədə Azərbaycan modelinin özünəməxsusluğunu ortaya qoyur. Dini təhsilə göstərilən diqqət, kadr potensialının gücləndirilməsi, ibadət yerlərinin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını nümayiş etdirir.

Komitə sədri, eyni zamanda konfransda irəli sürülən bütün təkliflərin yeni yanaşmaların formalaşmasına, cəmiyyətimizin ideoloji dayanıqlığının, milli həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda dövlət qurumlarının, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mövzuya görə xəbərlər