Son dəqiqə

Böyük Britaniya Şotlandiya

Şotlandiya həbsxanalarından yüzlərlə məhbus azad ediləcək

Bakı, TurkicWorld

Şotlandiyada həbsxanaların doluluq səviyyəsi kritik həddə çatdığı üçün hökumət sıxlığı azaltmaq məqsədilə 400-ə yaxın məhbusun vaxtından əvvəl azadlığa buraxılmasına qərar verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu qərar, dörd ildən az müddətə məhkum edilmiş məhbusların cəzalarının 40 faizini çəkdikdən sonra azadlığa buraxılmasına icazə verən yeni qanun çərçivəsində həyata keçiriləcək. Lakin məişət zorakılığı və cinsi cinayətlərə görə cəza çəkənlər bu proqramdan yararlana bilməyəcəklər.

Şotlandiya həbsxanaları 8000 məhbus üçün nəzərdə tutulub, lakin doluluq səviyyəsi həddindən artıq artıb.
Narkomaniya ölkədə ciddi problem olaraq qalır və bir çox məhbus narkotik aludəçisi və ya dəstə üzvüdür. Məhkəmələrdə iş yükü çoxdur, mühakiməni gözləyən məhbusların sayı isə durmadan artır.

Şotlandiyanın Ədliyyə katibi Angela Konstans bildirib ki, yüngül cinayətlərə görə məhkum edilmiş şəxsləri azad etməklə təhlükəli cinayətkarlara yer açmaq lazımdır.

Qeyd edək ki, Böyük Britaniya həbsxanalarında da həddindən artıq sıxlıq, təhlükəsizlik problemləri və qalmaqallar artmaqdadır. Keçən il keçmiş əsgər Daniel Khalife Londondakı HMP Wandsworth həbsxanasından qaçmış, eyni həbsxanada qadın həbsxana məmurunun məhbusla qeyri-qanuni əlaqəsi də gündəmə gəlmişdi.

Şotlandiya hökuməti ümid edir ki, yeni qanun həbsxana sistemində gərginliyi azaldacaq və məhkəmə proseslərini sürətləndirəcək.

Mövzuya görə xəbərlər