BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində keçirilən “Kibertəhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya” (“Cyber Security Summit – CENTRAL EURASIA”, CSS 2026) beynəlxalq tədbirində iştirak edib.
Özbəkistan Milli Kibertəhlükəsizlik Mərkəzi və Böyük Britaniyanın “Dialogue Events” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sammitdə kibertəhlükəsizlik, kritik informasiya infrastrukturlarının mühafizəsi, kiberrisklərin idarə olunması və regional əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunub. Tədbirdə 600-dən çox nümayəndə iştirak edib.
Sammit çərçivəsində keçirilən “CYBERKENT 4.0” beynəlxalq kibertəhlükəsizlik yarışında XRİTDX əməkdaşlarından ibarət Blue Team komandası 3-cü yeri qazanıb.
Keçirilən yarışda iştirakçılar real kiberhücum ssenarilərinə uyğun mühitdə informasiya sistemlərinin müdafiəsi, kiberhücumların aşkarlanması, insidentlərə cavab və loqların təhlili üzrə praktiki tapşırıqları yerinə yetiriblər.
XRİTDX komandasının beynəlxalq yarışda ilk üçlükdə yer alması Xidmət əməkdaşlarının yüksək peşəkar hazırlığını və praktiki kibermüdafiə bacarıqlarını nümayiş etdirir.







