Bakı,TurkicWorld
Özbəkistanın Qaşqadərya vilayətində keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzi açılıb. Həmçinin institutda "Azərbaycan-Özbəkistan əlaqələrində Şah İsmayıl Xətai və Əmir Teymur irsi" mövzusunda elmi dəyirmi masa təşkil olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, mərkəz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yaradılıb. Açılış mərasimində elm, təhsil və mədəniyyət nümayəndələri, institutun professor-müəllim heyəti, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.
XVI əsrin görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətainin adını daşıyan mərkəzin yaradılmasında məqsəd Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin və zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə vermək, tələbə və gənclərin bu irsə marağını artırmaq, iki ölkə arasında elmi-mədəni əlaqələri möhkəmləndirməkdir.
Mərkəzin ekspozisiyasında Şah İsmayıl Xətainin həyatı, yaradıcılığı və ədəbi-siyasi fəaliyyəti barədə məlumatlar, Azərbaycan mütəfəkkirlərinin portretləri, onların irsini əks etdirən materiallar, həmçinin Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr olunmuş kitablar və müxtəlif suvenirlər nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti, milli-mənəvi irsin görkəmli nümayəndələri haqqında biliklərini genişləndirməklə yanaşı, tələbələrə bu sahədə daha dərindən öyrənmək və müstəqil araşdırmalar aparmaq imkanı yaradacaq.
Dəyirmi masada çıxış edən Şəhrisəbz şəhərinin hakimi Şerzod Buriyev Ədəbiyyat və Sənət Həftəsi çərçivəsində keçirilən tədbirlərin Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə verdiyi töhfəni vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunun rektoru Məşəl Səidov isə tədbirin iki ölkə arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi, alim və tədqiqatçılar arasında fikir mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Şah İsmayıl Xətai və Əmir Teymur irsinin birgə müzakirəsi xalqların ortaq tarixi-mədəni dəyərlərinin daha dərindən öyrənilməsinə, bu irsin gələcək nəsillərə çatdırılmasına və elmi əməkdaşlığın inkişafına şərait yaradır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli dəyirmi masanın mövzusunun iki ölkə arasında tarixi-mədəni əlaqələrin öyrənilməsi baxımından aktuallığını diqqətə çatdırıb. O, Şah İsmayıl Xətai və Əmir Teymurun dövlətçilik tarixindəki rolundan danışaraq, onların elmə, mədəniyyətə və incəsənətə verdikləri töhfələrin də tarixdə mühüm iz qoyduğunu bildirib.
Akif Marifli qeyd edib ki, hər iki hökmdarın saraylarında sənətkarlara və mədəniyyət xadimlərinə göstərilən himayə həmin dövrün mədəni həyatının və incəsənət mühitinin zənginləşməsində mühüm rol oynayıb.
Dəyirmi masada AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Nəcəfli, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev, Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunun dosenti, fəlsəfə elmləri namizədi Qanoatova Feruza və Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Şərq klassik ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Eşonova Salimaxon məruzələrlə çıxış ediblər.
Məruzələrdə Şah İsmayıl Xətai və Əmir Teymur irsinin dövlətçilik, ədəbiyyat və mədəniyyət tarixindəki əhəmiyyəti, Xətainin divan ədəbiyyatındakı yeri, tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrinə təsiri, eləcə də Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış mədəni və diplomatik əlaqələr müzakirə olunub.







