Bakı. TurkicWorld:
Özbəkistan Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti Mərkəzi Bankda işgüzar səfərdə olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə strateji və əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, əsas risk indikatorlarının (KRI) tətbiqi, risklərin və nəzarət mexanizmlərinin özünüqiymətləndirməsi (RCSA), idarəetmə, risk və komplayens proseslərinin əlaqələndirilməsi (GRC) üzrə ölkə təcrübəsi təqdim olunub.
Bundan əlavə, modellərdən istifadə ilə bağlı risklərin idarə edilməsi, informasiya texnologiyaları və kibertəhlükəsizlik riskləri, maliyyə risklərinin idarə edilməsi, qiymətləndirmə metodologiyaları və institusional yanaşmalar ətrafında müzakirələr aparılıb.
AMB sədri Taleh Kazımov ötən gün keçirilən mətbuat konfransında bildirib ki, qurum xarici maliyyə institutlarının, o cümlədən bankların, eləcə də kapital bazarı və sığorta sektorunda fəaliyyətinin genişlənməsinə açıqdır.
Onun sözlərinə görə, xarici investorların Azərbaycanın maliyyə sektoruna marağını artırmaq məqsədilə beynəlxalq tədbirlərdə iştirak edir və ölkənin maliyyə imkanlarını təqdim edir.
"Biz xarici bank sektoru ilə yanaşı, kapital bazarlarına və sığorta sektoruna da çox açığıq. Mənim tez-tez xaricə getməyimin və müxtəlif konfranslarda çıxış etməyimin səbəblərindən biri də Azərbaycanın maliyyə sektorunu təbliğ etməkdir. Əksinə, ölkəmizin maliyyə sektorunu tanıtmaq lazımdır ki, marağı olanlar suallar versin və Azərbaycana gəlsin", – deyə T.Kazımov bildirib.
AMB sədri Azərbaycanla digər ölkələr arasında ödəniş sistemlərinin inteqrasiyası və məlumat mübadiləsi məsələsinə də toxunub. O qeyd edib ki, müxtəlif ölkələrin mərkəzi banklarını vahid sistemdə birləşdirən beynəlxalq rəqəmsal platforma hazırda mövcud deyil.
T.Kazımovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə ayrı-ayrı ölkələrin mərkəzi bankları ilə ikitərəfli danışıqlar aparır və artıq bir-iki ölkə ilə daha detallı müzakirələrə başlayıb.







