Bakı,TurkicWorld
Özbəkistanın Birinci xanımı Ziroat Mirziyoyeva Qlobal "Sıfır Tullantı" Alyansının (Global Zero Waste Alliance) yaradılmasına həsr olunmuş yüksək səviyyəli görüşdə ekoloji təhsilin inkişafı və gənclərin "yaşıl" təşəbbüslərinin dəstəklənməsi ilə bağlı təkliflərini təqdim edib.
Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsinin məlumatına görə, görüş noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində keçirilib.
Eyni zamanda Zamin Beynəlxalq İctimai Fondunun Himayədarlar Şurasının sədri olan Z.Mirziyoyeva konfrans çərçivəsində Özbəkistanın milli pavilyonunu ziyarət edib, ölkədə həyata keçirilən ekoloji layihə və təşəbbüslərlə tanış olub.
Təqdim olunan təşəbbüslər arasında "Eco-Schools Uzbekistan" fondunun bütün təhsil pillələrində ekoloji təhsilin kompleks sisteminin formalaşdırılmasına yönəlmiş layihəsi də yer alıb.
Proqrama məktəbəqədər və ibtidai təhsil üçün LEAF təşəbbüsü, ümumtəhsil müəssisələri üçün "Eco-Schools", eləcə də ali və orta ixtisas təhsili müəssisələri üçün "Eco-Campus" proqramları daxildir.
COP31 çərçivəsində dövlət və hökumət başçılarının həyat yoldaşlarının təbii ehtiyatlardan səmərəli istifadənin təşviqi və tullantıların həcminin azaldılması istiqamətində səylərini birləşdirəcək Qlobal "Sıfır Tullantı" Alyansının yaradıldığı da elan edilib.
Yüksək səviyyəli görüşdə çıxış edən Mirziyoyeva alyansın yaradılması təşəbbüsünə görə Türkiyənin birinci xanımı Əminə Ərdoğana təşəkkür edib və onun "Zero Waste" konsepsiyasının beynəlxalq səviyyədə təşviqinə verdiyi töhfəni qeyd edib.
Bundan əlavə, Mirziyoyeva ekoloji təhsilin inkişafı, gənclərin ekoloji təşəbbüslərinin dəstəklənməsi və bu ideyaların praktiki layihələrə çevrilməsinə yönəlmiş bir sıra təkliflər təqdim edib.







