Azərbaycan Böyük Britaniya innovasiya Şimali İrlandiya

Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıq haqqında sazişin mətnini razılaşdırıb

BAKI,TurkicWorld

Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıq haqqında sazişin mətnini razılaşdırıb və onun icrası üçün işçi qrupunun yaradılmasını planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət məsələləri üzrə dövlət naziri Anas Sarvar çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

"Ötən il Böyük Britaniya və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəldilər. O vaxtdan bəri ölkələrimizin hökumətləri bu istiqamətdə fəal şəkildə iş aparırlar", - deyə o bildirib.

Sarvarın sözlərinə görə, tərəflər strateji tərəfdaşlıq haqqında sazişin mətnini razılaşdırıblar.

"Bu tərəfdaşlığı birgə imzalamaları üçün Baş nazirimizin və Azərbaycanın Prezidenti İlham Əliyevin görüşmələrini səbirsizliklə gözləyirəm. Lakin nazirlə artıq razılaşdığımız kimi, bu məqamı - nə qədər mühüm və əhəmiyyətli olsa da - gözləmədən strateji tərəfdaşlığın həyata keçirilməsi və Böyük Britaniya və Azərbaycan əhalisi üçün konkret faydaların təmin olunması məqsədilə işçi qrupunun yaradılması istiqamətində dərhal işə başlayacağıq", - deyə o qeyd edib.

Sarvar bildirib ki, tərəfdaşlıq müdafiə, innovasiyalar, iqtisadi artım, eləcə də energetika, təhsil, infrastruktur və təhlükəsizlik daxil olmaqla bir neçə əsas istiqamətə yönələcək.

"Bu gün diqqətimiz iqtisadi əlaqələrə, artımı necə dəstəklədiyimizə, innovasiyaları necə təşviq etdiyimizə və hər iki ölkənin iqtisadiyyatına investisiyaların cəlb edilməsinə yönəlib", - deyə o bildirib.

Dövlət nazirinin sözlərinə görə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün artıq möhkəm təməl yaradılıb.

"30 ildən artıqdır ki, Britaniya şirkətləri Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır və bu münasibətlərin önündə bp və onun tərəfdaşları dayanır", - deyə Sarvar qeyd edib.

O əlavə edib ki, Britaniyanın təcrübəsi, bilikləri və investisiyaları Azərbaycana enerji resurslarını inkişaf etdirməyə, beynəlxalq bazarlarla əlaqələr qurmağa və Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirməyə kömək edib.

Mövzuya görə xəbərlər