Bakı, TurkicWorld
Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun mayın ilk həftəsindən bəri fasiləsiz olaraq davam etdirdiyi quru hücumları nəticəsində şəhər fəlakət bölgəsinə çevrilib və su ehtiyatının 40 faizi dağıdılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rəfah şəhərinin bələdiyə başçısı Ahmed Sufi açıqlama verib.
Sufi , İsrailin Rəfaha hava hücumlarını fasiləsiz şəkildə həyata keçirdiyini , binalar, obyektlər, su və kanalizasiya şəbəkəsi, küçələr, market və bazarlar, mədəniyyət mərkəzi, kitabxana və park kimi ictimai yerlər də daxil olmaqla , bütün şəhərin infrastrukturunun sistematik şəkildə məhv edildiyini qeyd edib.
Rəfahın cənubunun tamamilə məhv edildiyini deyən Sufi, “Şəhərin 35 faizini təşkil edən bu zolaqdakı məhəllələr tamamilə dağıdılıb, ancaq İsrail ordusu tərəfindən inşa edilən bu zona sərhəd bölgəsinin bir hissəsi hesab olunurdu. ” deyə bildirib.
İsrail qüvvələrinin Rəfahın qərbindəki Tel Sultan rayonunda bir quyu və əsas su anbarını partlatması ilə bağlı Sufi, bunun insanlığa qarşı bir cinayət olduğunu, bu hücum nəticəsində Rəfahda içməli su böhranının daha da pisləşdiyini bildirib.
İsrail ordusu isə öz növbəsində Rəfah şəhərindəki su çəninin məhz öz əsgərləri tərəfindən partladıldığını etiraf edib və hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, ordunun 401-ci Zirehli Briqada bölmələri ötən həftə Rəfahda su anbarını partlatmışdı. Ancaq onlar buna görə öz rəhbərlərindən hər hansı bir icazə almamışdılar.
İsrail əsgərlərindən biri sözügedən hadisənin görüntülərini sosial mediada “Şənbə günü münasibətilə Tel Sultan mahalındakı su çəninin dağıdılması” şərhi ilə paylaşıb. Buna uyğun olaraq isə istintaqın ilk nəticələrinə görə qanuni tədbir görüləcəyi iddia edilib.
İsrail ordusunun Rəfah şəhərində partlatdığı su çəninin İsrail ordusunun təhlükəsiz bölgə elan etdiyi məhəllədə yerləşdiyi də xususi olaraq vurğulanıb.
Qeyd edək ki, İsrail ordusunun yeddi oktyabrdan bəri davam edən bu cür əməlləri beynəlxalq səviyyədə ciddi etirazlarla üzləşib. Qəzza zolağına təşkil edilən hücumlarda ən az 16 min 172 uşaq və on min 798 qadın olmaqla , 39 min 363 fələstinli həyatını itirib, 90 min 923 nəfər isə yaralanıb.