BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Qalandiya qaçqın düşərgəsində davam edən əməliyyatlar zamanı 60 fələstinlini saxlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, əməliyyatın ikinci günü saxlanılan və dindirilən şəxslər arasında qadınlar və uşaqlar da olub.
Təşkilatın açıqlamasına görə, reydlər zamanı İsrail hərbçiləri saxlanılan şəxslərə qarşı ağır fiziki zorakılıq tətbiq edib, onları hədələyib və qandallardan işgəncə vasitəsi kimi istifadə ediblər.
Məlumata əsasən, hərbçilər çoxsaylı ailələri evlərini tərk etməyə məcbur edib, yaşayış evlərində əmlaka və şəxsi əşyalara ziyan vurublar.
Fələstin Qızıl Aypara Cəmiyyəti isə son iki gün ərzində düşərgədə keçirilən əməliyyatlar zamanı İsrail hərbçilərinin müdaxiləsi nəticəsində azı 16 fələstinlinin yaralandığını açıqlayıb.
Qalandiya qaçqın düşərgəsində əməliyyatların davam etdiyi bildirilir.







