BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Hərbi Dəniz Qüvvələri Aralıq dənizi və Qırmızı dənizdə dəniz təhlükəsizliyi və müdafiə imkanlarının sınaqdan keçirilməsi məqsədilə genişmiqyaslı hərbi təlim həyata keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail ordusu "X" sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamaya görə, təlimdə raket katerləri, sualtı qayıqlar və digər hərbi dəniz vasitələrindən ibarət donanma iştirak edib.
İsrail ordusu bildirib ki, təlimin əsas məqsədi dənizdən mümkün sızma cəhdlərinə, eyni vaxtda bir neçə cəbhədə baş verə biləcək hərbi əməliyyatlara və hava təhdidlərinə qarşı hazırlıq səviyyəsini yoxlamaq olub.
Təlim çərçivəsində ölkənin limanlarının, strateji dəniz obyektlərinin və milli infrastrukturunun müdafiəsi üzrə müxtəlif ssenarilər məşq edilib.
İsrail ordusunun məlumatına görə, manevrlər dənizdə əməliyyat koordinasiyasının və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edib.
Təlimlərin keçirilməsi son aylarda regionda təhlükəsizlik gərginliyinin artdığı və dəniz marşrutlarının təhlükəsizliyinin beynəlxalq gündəmdə mühüm yer tutduğu bir dövrə təsadüf edir.






