BAKI,TurkicWorld
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 2026-cı ilin hazırlıq planına uyğun olaraq «Zabit heyətini təkmilləşdirmə kursu»nun növbəti buraxılış mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov çıxışında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan danışıb. O, peşəkar hərbi kadrların hazırlanmasının və zabit heyətinin bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.
General-mayor kursu uğurla başa vuran hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Kurs iştirakçıları isə təhsil müddətində yaradılan şəraitə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra kursu müvəffəqiyyətlə bitirən zabitlərə sertifikatlar, təlim və tədrisdə yüksək nəticələr göstərən iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.
Mərasimin sonunda kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.







