Son dəqiqə

BMT Şimali Kipr Türk Respublikası Antonio Quterreş Tufan Erhürman Kipr məsələsi

BMT-nin Kiprin minalardan təmizlənməsi təklifini yunan tərəfi rədd etdi - Ərhürman

BAKI,TurkicWorld Orxan Qədirzadə

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman BMT-nin Baş katibi Antonio Quterreşin Kiprin minalardan təmizlənməsi ilə bağlı təklifinin türk tərəfi tərəfindən qəbul edildiyini, lakin Cənubi Kipr Rum Administrasiyasının (CKRA) lideri Nikos Hristodulidisin bu təşəbbüsü rədd etdiyini bildirib.

Tufan Ərhürman "Kıbrısın Sesi" televiziya kanalına müsahibəsində BMT Baş katibinin tərəflər arasında etimadın möhkəmləndirilməsi məqsədilə bir sıra təşəbbüslər irəli sürdüyünü xatırladıb.

Onun sözlərinə görə, bu təşəbbüslərə yeni keçid məntəqələrinin açılması, bufer zonanın minalardan təmizlənməsi, qanunsuz miqrasiya ilə birgə mübarizə, təbii fəlakətlər zamanı böhran idarəçiliyi, gənclərin idman fəaliyyəti, qarışıq nikahlardan doğulan uşaqların Avropa İttifaqı vətəndaşlığı məsələsi və vətəndaş cəmiyyəti mexanizminin yaradılması daxildir.

Ərhürman bildirib ki, Kiprlə bağlı müzakirələr əsasən yeni sərhəd-keçid məntəqələrinin açılması üzərində cəmləşsə də, digər məsələlərdə də ciddi fikir ayrılıqları mövcuddur.

"Biz Kiprin minalardan təmizlənməsi təklifini qəbul etdik, rum tərəfi isə bunu rədd etdi. Antonio Quterreş bufer zonadan başlayaraq adanın minalardan təmizlənməsini təklif etmişdi. Türk tərəfi bu təşəbbüsü qəbul etsə də, rum lider Nikos Hristodulidis onu rədd etdi", – deyə Ərhürman vurğulayıb.

O qeyd edib ki, minalardan təmizlənmiş Kipr ideyası uzun illərdir BMT hesabatlarında yer alır.

ŞKTC Prezidenti həmçinin Haspolat, Akıncılar və Kiracıköy–Eğlence istiqamətlərini əhatə edən yeni keçid məntəqələrinin açılması ilə bağlı BMT xəritəsi əsasında danışıqların davam etdiyini bildirib.

Ərhürmanın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Kiracıköy–Eğlence keçid məntəqəsinə aparan yolun şimal hissəsinin Türkiyə tərəfindən inşa edilməsini təklif edib. Lakin bu təşəbbüs rum tərəfi tərəfindən qəbul edilməyib.

Daha sonra Avropa İttifaqının maliyyə dəstəyi ilə cənubdan alternativ marşrutun yaradılması təklif olunsa da, rum tərəfi bunu da rədd edib. Bundan başqa, yolun şimaldan keçəcəyi təqdirdə marşrut üzərində yerləşən və 1974-cü ildən əvvəl rumlara məxsus olmuş əmlaklara görə kompensasiyanın Daşınmaz Əmlak Komissiyası vasitəsilə ödənilməsi təklifi də qəbul edilməyib.

Ərhürman bildirib ki, BMT Baş katibinin irəli sürdüyü etimad quruculuğu tədbirləri kompleks şəkildə qiymətləndirilməlidir.

O, həmçinin Türkiyə ilə təmasların gündəlik siyasi polemikaların predmetinə çevrilməsinin düzgün olmadığını qeyd edərək, Ankara ilə əlaqələrin Kipr məsələsi, regional təhlükəsizlik və strateji inkişaflar kontekstində dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər