Son dəqiqə

Türkiyə Fələstin İsrail Hakan Fidan Qəzza Benyamin Netanyahu

İsrail Fələstində sülh istəmir - Hakan Fidan

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail hökumətini Fələstində sülh prosesini pozmaqda ittiham edərək bildirib ki, Baş nazir Benyamin Netanyahunun hökuməti Qərb Sahili və Qüdsdə hərəkətlərini daha da intensivləşdirib.

TurkicWorld xəbər verir ki, Hakan Fidan bu fikirləri Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Fidan bildirib ki, Türkiyə İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə həyata keçirdiyi əməliyyatların genişləndirildiyini müşahidə edir.

Onun sözlərinə görə, Qəzza ilə bağlı sülh planı üzrə əldə olunan razılaşmaya baxmayaraq, İsrailin hücumlarını davam etdirməsi Tel-Əviv rəhbərliyinin sülhə maraqlı olmadığını göstərir.

"İsrailin son hücumları bir daha göstərir ki, Baş nazir Benyamin Netanyahu sülh istəmir", – deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Fidan əlavə edib ki, Ankaranın mövqeyi bölgədə atəşkəsin qorunması, humanitar vəziyyətin yaxşılaşdırılması və diplomatik həll yolunun tapılmasının vacibliyinə əsaslanır.

Türkiyə rəsmisi çıxışında regionda gərginliyin daha da artmasının qarşısının alınmasının beynəlxalq ictimaiyyət üçün prioritet olduğunu da qeyd edib.

Mövzuya görə xəbərlər