BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Fələstin kapitallı 48 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 şirkət çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fələstin kapitallı şirkətlərin ümumi kapitalı 140 milyon 195 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 36 milyon 900 min türk lirəsi olub.
TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan Fələstin kapitallı şirkətlərin böyük hissəsi – 34 şirkət İstanbulda fəaliyyətə başlayıb.
"İstanbulda qeydiyyata alınan Fələstin şirkətlərinin ümumi kapitalı 61 milyon 625 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.
Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan Fələstin kapitallı şirkətlərin 22-i ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.

