BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə İran kapitallı 256 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 147 şirkət çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran kapitallı şirkətlərin ümumi kapitalı 503 milyon 761 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 173 milyon 660 min türk lirəsi olub.
TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan İran kapitallı şirkətlərin böyük hissəsi – 189 şirkət İstanbulda fəaliyyətə başlayıb.
"İstanbulda qeydiyyata alınan İran şirkətlərinin ümumi kapitalı 362 milyon 210 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.
Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan İran kapitallı şirkətlərin 85-si ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.







