BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Səudiyyə Ərəbistanı kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin ümumi kapitalı 311 milyon 440 min 858 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 72 milyon 310 min türk lirəsi olub.
TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin böyük hissəsi – 8 şirkət İstanbulda fəaliyyətə başlayıb.
"İstanbulda qeydiyyata alınan Səudiyyə Ərəbistanı şirkətlərinin ümumi kapitalı 14 milyon 300 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.
Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin 4-ü ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.






