BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə rəqəmsal transformasiya sahəsində yeni mərhələyə qədəm qoyur. Ölkədə 5G texnologiyasının tətbiqindən əldə olunan təcrübə və infrastruktur imkanları artıq növbəti nəsil rabitə texnologiyası olan 6G istiqamətində hazırlıqların başlanmasına şərait yaradıb.
Bu barədə İstanbul Maliyyə Mərkəzində keçirilən Rəqəmsal Transformasiya Zirvəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir bildirib ki, ölkədə kommersiya əsaslı 5G xidmətləri aprelin 1-dən istifadəyə verilib. Onun sözlərinə görə, xidmət istifadəyə başladığı ilk gündən təxminən 21 milyon abunəçi tərəfindən istifadə olunub. Hazırda isə 5G istifadəçilərinin sayı cəmi iki ay yarım ərzində 42 milyona yaxınlaşıb.
Abdulkadir Uraloğlu 5G texnologiyasının qlobal iqtisadiyyata təsirinin də böyük olacağını vurğulayıb. O qeyd edib ki, beynəlxalq araşdırmalara əsasən, 2030-cu ilədək 5G texnologiyasının dünya iqtisadiyyatına töhfəsinin 1,3 trilyon ABŞ dollarına çatacağı gözlənilir.
Nazirin sözlərinə görə, digər beynəlxalq hesabatlar yalnız ABŞ iqtisadiyyatında 5G texnologiyasının yaratdığı əlavə dəyərin 1,4-1,7 trilyon dollar arasında dəyişəcəyini və bu sahədə milyonlarla yeni iş yerinin yaranacağını proqnozlaşdırır. Eyni zamanda, istehsalat sektorunda 5G əsaslı avtomatlaşdırma sistemlərinin qlobal iqtisadiyyata 207 milyard dollar həcmində əlavə töhfə verməsi gözlənilir.
6G üzrə hazırlıqlar başlayıb
Nazir Türkiyənin artıq 6G texnologiyası ilə bağlı hazırlıq işlərinə start verdiyini açıqlayıb. O bildirib ki, ölkənin elektron rabitə sektoru son illərdə sürətlə inkişaf edib.
Məlumata görə, sektorun illik xalis satış gəliri 620 milyard lirəyə çatıb. Eyni dövrdə həyata keçirilən investisiyaların həcmi isə 145 milyard lirə olub.
Türkiyədə mobil rabitə abunəçilərinin sayı 100 milyona, genişzolaqlı internet istifadəçilərinin sayı isə 98 milyona yaxınlaşıb. Bu göstəricilər ölkə əhalisinin sayını üstələyir.
Nazir həmçinin qeyd edib ki, ölkənin fiber-optik şəbəkəsinin uzunluğu 680 min kilometrə çatıb. Bu məsafə Yer kürəsini ekvator xətti boyunca 17 dəfə dövrə vurmağa bərabər hesab edilir.
Rəqəmsal əsr hədəfi
Zirvədə çıxış edən Türk Telekom şirkətinin baş icraçı direktoru Ebubekir Şahin də ölkənin rəqəmsallaşma prosesinə dair fikirlərini bölüşüb.
O bildirib ki, şirkət yalnız yerli texnologiyaların hazırlanması ilə kifayətlənmir, eyni zamanda bu texnologiyaları beynəlxalq bazarlara ixrac edən quruma çevrilib.
Şahin vurğulayıb ki, əsas məqsəd Türkiyənin rəqəmsal inkişafına töhfə verməklə yanaşı, ölkənin yeni inkişaf mərhələsini rəqəmsal əsrə çevirməkdir.
Zirvə çərçivəsində telekommunikasiya, rəqəmsal infrastruktur, yeni nəsil rabitə texnologiyaları və innovativ həllərlə bağlı müxtəlif panel müzakirələri də keçirilib. Tədbirdə 500-dən çox nümayəndə iştirak edib






