BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin ticarət naziri Ömer Bolat, 10 ildir müzakirə edilən və türk yük avtomobili sürücülərinin Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələrinə çıxışını təmin edəcək tranzit viza məsələsinin müsbət nəticələndiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, İstanbulda keçirilən “e-Ticarətin Logistikası Konfransı”nda çıxış edən nazir Bolat Türkiyənin coğrafi mövqeyinin logistika sektorundakı strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, Türkiyə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən bir körpü rolunu oynayır. Bu çərçivədə Səudiyyə Ərəbistanı ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən nazir, ötən gündən etibarən türk sürücülərinin tranzit viza alaraq Körfəz ölkələrinə səyahət etmələrinin mümkün olduğunu bildirib.
Nazir logistika və xidmət sektorunun Türkiyə iqtisadiyyatındakı payına da diqqət çəkib. O qeyd edib ki, Türkiyənin 122,5 milyard dollarlıq xidmət ixracatının 42,5 milyard dolları məhz logistika sektorunun payına düşür. Avropa İttifaqı bazarlarına ixracatın 60%-nin quru yolu ilə həyata keçirildiyini xatırladan Bolat, keçid kotalarının və viza asanlığının sektor üçün həyati əhəmiyyət daşıdığını bildirib.
Konfransda e-ticarətin sürətli inkişafına da toxunulub. Nazirin sözlərinə görə, ötən il Türkiyədə e-ticarət həcmi 3 trilyon lirəyə çatıb ki, bu da ümumi ticarətin 20%-ni təşkil edir. Bolat, bu sahədə logistik tələbatın artdığını, süni intellektin və rəqəmsal transformasiyanın sektorun gələcəyini formalaşdıran əsas amillər olduğunu vurğulayıb.





