BAKI. TurkicWorld
Adanada ikinci "Patriot" sistemi yerləşdirilir.
TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.
Açıqlamaya görə, Adanada hazırda mövcud olan İspaniya "Patriot" sisteminə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığı tərəfindən daha bir "Patriot" batareyası Adanada yerləşdirilir. Bu addım martın 13-də İrandan atılaraq Türkiyə hava məkanına daxil olan və Şərqi Aralıq dənizindəki NATO qüvvələri tərəfindən zərərsizləşdirilən balistik raket hadisəsindən sonra atılıb. Nazirlik rəsmisi vurğulayıb ki, milli təhlükəsizliyə yönələn hər növ təhdidə qarşı qətiyyətli tədbirlər davam etdirilir.
Konfransda həmçinin İsrailin Livanın suverenliyini pozan quru əməliyyatları pislənilib və bu hərəkətlərin regional qeyri-sabitliyi dərinləşdirdiyi qeyd olunub. Hörmüz boğazındakı dəniz təhlükəsizliyi məsələsinə də toxunan Aktürk, boğazın kəsintisiz işləməsinin qlobal enerji təhlükəsizliyi üçün strateji önəm daşıdığını və Türkiyənin bütün tərəfləri beynəlxalq hüquqa uyğun hərəkət etməyə çağırdığını bildirib. Bundan əlavə, yerli istehsal olan "Süper Şimşək" hava vasitələrinin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edildiyi elan olunub.






