İstanbul Ticarət Universiteti Azərbaycanlı sahibkarlara təlim keçəcək

İstanbul Ticarət Universiteti Azərbaycanlı sahibkarlara təlim keçəcək

Bakı. TurkicWorld:

İstanbul Ticarət Universiteti ilə Kiçik və Orta Biznes Subyektləri Və Klublarının Assosiasiyası (KOBSKA) arasında Təlim Proqramlarının hazırlanması və təşkili sahəsində əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb. Universitetdən TurkicWorld-a verilən məlumata görə, KOBSKA-nın prezidenti Nigar Ələsgərova və KOBSKA idarəçilərindən ibarət nümayəndə heyəti İstanbul Ticarət Universitetində rektor Prof. Dr. Yücel Oğurlu ilə görüşüblər. Səfər zamanı prorektor Prof. Dr. Elçin Aykaç Alp və Davamlı Təhsil Mərkəzi (SEM) müdiri Dos. Dr. Hənifi Parlar da iştirak edib.

Qeyd edək ki, görüş zamanı universitet ilə KOBSKA arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokola əsasən KOBSKA-nın təsis etdiyi Sahibkarlıq Akademiyasında distant təhsil yolu ilə SEM tərəfindən kurslar keçiriləcək və təlimlərdə iştirak edənlərə İstanbul Ticarət Universiteti tərəfindən təsdiq edilmiş iştirak sertifikatı təqdim olunacaq.

Bundan başqa, müqavilə çərçivəsində KOBSKA-ya üzv olan sahibkarların sahibkarlıq və maliyyə savadlılığının və bacarıqlarının artırılması məqsədilə İstanbul və Bakıda onlayn və üz-üzə seminarların, təlimlərin və peşəkar inkişaf proqramlarının təşkili nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən KOBSKA-nın prezidenti Nigar Ələsgərova Türkiyədə uğurlu tarixə və təhsil infrastrukturuna malik İstanbul Ticarət Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Daha sonra isə Prof. Dr. Oğurlu Azərbaycan kimi qardaş ölkələrin qurum və təşkilatları ilə əməkdaşlıq edərək onlara töhfə verməkdən xoşbəxt olduqlarını bildirib.

Məlumat üçün bildirək ki, sözügedən protokol bir il davam edəcək və tərəflər onu ləğv etmədikcə avtomatik olaraq hər il yenilənəcək.

Qeyd edək ki, TurkicWorld ilə İstanbul Ticarət Universiteti arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin oktyabr ayının 25-də imzalanıb.