İstanbul Ticarət Universitetinin dəstəyi ilə ilk rəqəmsal Etnomoda Dizayn müsabiqəsi başlayır

İstanbul Ticarət Universitetinin dəstəyi ilə ilk rəqəmsal Etnomoda Dizayn müsabiqəsi başlayır

Bakı. TurkicWorld:

“Etnomoda Art Community” İstanbul Ticarət Universitetinin dəstəyi ilə ilk rəqəmsal Etno-Moda Yarışmasını təşkil edir. TurkicWorld-ə universitetdən verilən məlumata görə, müsabiqədə 3D geyim vizuallaşdırma üsulu ilə yaradılmış məhsullarla iştirak etmək mümkün olacaq.

Məlumatda bildirilib ki, daha əvvəl üz-üzə keçirilən müsabiqə bu il rəqəmsal olaraq keçiriləcək və müsabiqəyə göndəriləcək məhsullar rəqəmsal şəkildə hazırlanacaq.

Müsabiqə bu il Adıgey, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının 100 illik yubileyi münasibətilə keçirilir.

Bununla yanaşı, müsabiqəyə qatılacaq əsərlərin həm də Qafqaz etnik elementlərini daşıması nəzərdə tutulur.

İstanbul Ticarət Universitetinin Tekstil və Moda Dizaynı Departamentinin dəstəyi ilə keçirilən müsabiqənin münsiflər heyətində dizayner, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin müəllimi Mariya Şevçenko, 3D rəssamı, oyun və Non-Fungible Token (nft) inkişafı üzrə mütəxəssis Hüseyn Kuçkarov, 3D dizayneri Nastasiya Nekrasova və Etnomodanın yaradıcısı Susanna Makerova yer alacaq.

Tamamilə rəqəmsal mühitdə keçiriləcək müsabiqə ilə bağlı münsiflər heyətinin rəyi də onlayn olaraq veriləcək.

Qaliblər 3D Couture kursundan pulsuz yararlana biləcək və onların işləri “EtnomodaArtRoom” platformasında, “Etnomoda” festival müsabiqəsində, eləcədə Rusiyada və beynəlxalq səviyyədə müxtəlif sərgilərdə tanıtılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər işlərini noyabrın 30-dək təqdim edə bilərlər. Müraciətlər artroom.suziem@gmail.com ünvanında qəbul edilir. E-poçtda sənətçinin adı, sosial şəbəkə bağlantıları və iş yerləri qeyd olunmalıdır.

Qeyd edək ki, TurkicWorld ilə İstanbul Ticarət Universiteti arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin oktyabr ayının 25-də imzalanıb.