Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktoru İlqar Hüseynov və agentliyin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu TÜRKPA Baş katibi Mehmet Süreyya Er ilə görüşüb.
Görüş zamanı Trend BİA və Türkiyənin "Albayrak" Media Qrupunun təşəbbüsü ilə yaradılan və türkdilli dövlətlərin xəbərlərini özündə birləşdirən ilk türk rəqəmsal media platforması olan "Türk Dünyası" (www.turkic.world) layihəsi haqqında Mehmet Süreyya Erə məlumat verilib.
Qeyd olunub ki, hazırda media platformasına bütün türk dövlətlərinin rəsmi dövlət agentlikləri qoşulublar və media platforma artıq səkkiz dildə fəaliyyət göstərir. Görüşdə TÜRKPA-nın fəaliyyətinin platformada geniş işıqlandırılması da müzakirə olunub.
TÜRKPA baş katibi ziyarətdən məmnunluğunu ifadə edərək təşəkkür edib və media sahəsində əməkdaşlığın vacib olduğunu vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edən Mehmet Süreyya Er media sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.