Son dəqiqə

Rufiz Hafizoğlu

Rusiya əl-Şaraa üçün Qərbə təzyiq vasitəsidir - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

Suriya hökuməti xarici hərbi bazaların ölkədən çıxarılması qərarına gəlib.

Suriya prezidenti Əhməd əl-Şaraanın Atlantik Şurası tərəfindən Nyu-Yorkda təşkil edilən tədbirdə çıxışı zamanı Rusiya qüvvələrinin gələcəkdə Suriyada yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala cavab verərkən səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir.

O, tezliklə Suriyada xarici hərbi qüvvələrə ehtiyac olmayacağını bildirib:
"Rusiyanın əvvəllər də bir varlığı var idi; biz onu miras almışıq. Və biz onlarla dialoq aparmaq qərarına gəldik. Onlarla geniş müzakirələrdən sonra bu iki bazanı Suriya ordusu üçün təlim mərkəzlərinə çevirdik. Beləliklə, bunlar digər ölkələrə qarşı əməliyyatların izlənilə və ya logistik dəstək ala biləcəyi hərbi bazalar deyil. Biz hələ də onlarla məsləhətləşmələr aparırıq, lakin nəticələr hazırda həyata keçirilən anlaşma memorandumunda qeyd olunub”.

Gələcəkdə Suriyada Rusiya və ya Türkiyə hərbi bazalarının olması ehtimalına gəldikdə isə, o, qeyd edib ki, Suriya dövlətinin tezliklə artıq heç bir xarici hərbi iştiraka ehtiyac duymayacağına inanır.

TurkicWorld xəbər verir ki, siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a açıqlamasında Suriya–Rusiya münasibətlərinin Əsəd dövrü və ondan sonrakı mərhələ olmaqla iki hissəyə bölündüyünü bildirib:

“Hər kəs gözləyirdi ki, Bəşər Əsədin hakimiyyətdən getməsi ilə Dəməşq Rusiya ilə bütün diplomatik kanalları bağlayacaq. Lakin bunun əksini gördük. Əhməd əl-Şaraa Rusiyaya səfər etdi, Prezident Vladimir Putinlə görüşdü və danışıqlar apardı”.

Həmsöhbətimizin sözlərinə görə, bu əslində Dəməşqin Qərbə ünvanladığı bir mesaj idi:
“Yəni Suriyaya qarşı sanksiya və təzyiqlər aradan qaldırılmasa Dəməşq yenidən Rysiya ilə normallaşma prosesinə gedə bilər. Bu yanaşma Qərbin özü üçün də gözlənilməz oldu. Çünki hər kəs yaşanan hadisələrdən, rus hərbçilərinin oradakı qətliamlarından sonra düşünürdü ki, Şaraa Rusiyanı Suriyadan çıxaracaq. Amma gördüyümüz kimi belə olmadı”.

Bu əsasda müsahibimiz hesab edir ki, Rusiya əslində Şaraa üçün Qərb qarşısında bir təzyiq mexanizmidir:
“Rusiya hərbi bazalarının tez bir zamanda Suriyadan çıxarılacağını düşünmürəm. Hazırda bu mümkün deyil. Amma bu açıqlama ilə Şaraa Moskvaya mesaj verir ki, Əsəd dövründə olan bütün əlaqələr, bütün diplomatik gizli kanallar haqqında məlumatlar yeni hökumətə ötürülməli, Bəşər Əsəd, onun çevrəsi və qardaşı Mahir Əsəd Suriyaya qaytarılmalıdır”.

Ekspert qeyd edir ki, Suriya hazırda hansısa bir yeni hərbi münaqişəyə qoşulmaq niyyətində deyil:
“Bəzi qüvvələr yeni hökuməti bu münaqişələrə qoşmaq niyyətində olub. Hətta Tramp adminstrasiyası da Şaraa hökumətini “Hizbullah”a qarşı döyüşə səsləyirdi. Lakin Dəməşq bunu qəbul etmədi və Şaraa uzaqgörən siyasət yürüdərək, “Hizbullah”la konfliktə getmədi. Bununla paralel rəsmi Dəməşq Livan dürzüləri və bu ölkənin hakimiyyətilə normal danışıqlara başladı”.

Mövzuya görə xəbərlər