BAKI,TurkicWorld
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Qazaxıstana işgüzar səfəri çərçivəsində ölkənin xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüş oktyabrın 2-də keçirilib. Aktotı Raimkulova görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun 2024–2026-cı illər üzrə fəaliyyətinin əsas nəticələri barədə məlumat verib.
Görüşdə türk xalqlarının zəngin mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə daha geniş tanıdılması istiqamətində Fond tərəfindən həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb.
Tərəflər Türk Mədəniyyəti və İrsi Fondunun qarşıdakı illər üzrə fəaliyyətinin prioritet istiqamətlərini də nəzərdən keçiriblər. Türk dünyası ölkələri arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Qazaxıstanla Fond arasında mədəniyyət və mədəni irsin qorunması sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.
Tərəflər türk xalqlarının ortaq mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.







