BAKI,TurkicWorld
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu tərəfindən keçirilən “Mərkəzi Asiyada dayanıqlı əlaqəliliyin və keyfiyyətli investisiyaların genişləndirilməsi” mövzusunda İkinci Tyanşan Forumunda iştirak edib.
Forum çərçivəsində “Texnoloji tərəqqiyə, süni intellektə və rəqəmsal bağlantılara investisiyalar” mövzusunda keçirilən sessiyada çıxış edən iqtisadiyyat nazirinin müavini Mərkəzi Asiya regionunun Azərbaycan üçün prioritet tərəfdaşlıq istiqamətlərindən biri olduğunu vurğulayıb. Rəqəmsal transformasiyanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılmasında rolu qeyd edilib. Ölkəmizdə innovasiyaların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və region ölkələri ilə reallaşdırılan birgə layihələr barədə məlumat verilib. İnnovasiya və süni intellekt sahəsində tərəfdaşlığın inkişafı, yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə ticarət, enerji, nəqliyyat, logistika və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi, rəqəmsal ticarətin təşviqi, süni intellektin tətbiqi və insan kapitalının inkişafı məsələləri müzakirə edilib. Regiona investisiyaların cəlb edilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mərkəzi Asiya İqtisadi Əməkdaşlığı üzrə İkinci Tyanşan Forumunda dövlət rəsmiləri, beynəlxalq maliyyə institutları, biznes və akademik dairələrin nümayəndələri iştirak edib.







