Bakı,TurkicWorld
13 noyabr 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Türkiyə Okean və Dənizlər Pavilyonunda Türk Mədəniyyəti və İrsi Fondunun töhfəsi ilə “İqlim Dəyişikliyinin Sahil və Sualtı Mədəni İrsə Təsirləri” mövzusunda panel təşkil olunub.
Fondun Layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə keçirilən panelin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prof. Dr. Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, COP29-un Yüksək Səviyyəli İqlim Çempionu Nigar Arpadarai çıxış ediblər.
Paneldə İspaniyanın IHCantabria elmi-tədqiqat mərkəzindən Dr. Laro Canoura Gonzales, İtaliyanın Udine Universitetindən Prof. Massimo Capulli, Polşa Elmlər Akademiyasından Prof. Błażej Stanisławski və Antalya Universitetinin UNESCO UNITWIN Sualtı Arxeologiya Şəbəkəsindən dosent Hakan Öniz məruzələrlə çıxış ediblər.
Müzakirələr zamanı dəniz səviyyəsinin yüksəlməsi, sahil eroziyası, dəniz suyunun temperaturunun artması və ekstremal hava hadisələrinin sahil yaşayış məntəqələri, qədim liman şəhərləri və sualtı arxeoloji irs nümunələri üçün yaratdığı təhlükələr diqqət mərkəzində olub.
Çıxış edənlər iqlim dəyişikliyinin yalnız təbii ekosistemlərə deyil, həm də bəşəriyyətin ortaq tarixi yaddaşını əks etdirən mədəni irs nümunələrinə ciddi təsir göstərdiyini vurğulayıblar. Bu baxımdan, sahil və sualtı mədəni irsin sənədləşdirilməsi, monitorinqinin aparılması və qorunması istiqamətində elmi əməkdaşlığın, rəqəmsal sənədləşdirmə metodlarının və beynəlxalq tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
Panel çərçivəsində, həmçinin mədəni irsin iqlim siyasətləri və iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarının ayrılmaz tərkib hissəsi kimi nəzərə alınmasının vacibliyi vurğulanıb.
Tədbir iqlim dəyişikliyinin yaratdığı çağırışlar fonunda mədəni irsin qorunması, bu sahədə elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.







