BAKI,TurkicWorld
21–26 oktyabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrlərinin təqdimat mərasimləri baş tutacaq.
Məlum olduğu kimi, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri türk dünyasının zəngin tarixi, mədəni və ədəbi irsinin qorunması, öyrənilməsi, hərtərəfli təbliği və gələcək nəsillərə ötürülməsidir. Ortaq irsin, görkəmli şəxsiyyətlərin və türk xalqlarının folklor ənənələrinin beynəlxalq miqyasda tanıdılması missiyasını ardıcıl şəkildə həyata keçirən Fond beynəlxalq standartlara uyğun hazırlanan nəşrlərini nüfuzlu kitab sərgilərində və mədəniyyət platformalarında təqdim edir. Fond müxtəlif dillərdə əsərlərin nəşrinə və tərcüməsinə xüsusi diqqət yetirərək mədəni dialoqun genişlənməsinə, türk xalqlarının bir-birinin zəngin ədəbi və mənəvi irsi ilə yaxından tanış olmasına, tarixən formalaşmış qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, eləcə də türk dünyasında mənəvi birliyin güclənməsinə töhfə verir.
Son üç il ərzində Fond tərəfindən təsis edilmiş beş yeni kitab seriyası — “Türk Dünyasının Görkəmli Şəxsiyyətləri”, “Türk Dünyasının Ədəbi İnciləri”, “Türk Dünyasının Elmi İnciləri”, “Türk Dünyasının Tarixi İnciləri” və “Türk Dünyasının Diplomatik İnciləri” çərçivəsində türk xalqlarının çoxşaxəli irsinin qorunmasına, araşdırılmasına və təbliğinə xidmət edən 70-ə yaxın nəşr işıq üzü görüb.
Fondun nəşr fəaliyyətində türk dövlətlərinin başçılarının tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən təşəbbüslər xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun hazırlanan nəşrlər, eləcə də böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 585 illiyinə və görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunmuş kitablar xüsusi əhəmiyyət daşıyır.
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ayrıca stendlə təmsil olunacaq. Sərgi ziyarətçiləri Fondun nəşriyyat fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, türk dövlətlərindən olan müəlliflərin iştirakı ilə türk dünyasının görkəmli şəxsiyyətlərinə, ədəbiyyatına, tarixinə və ortaq mədəni irsinə həsr olunmuş yeni kitabların təqdimat mərasimləri keçiriləcək.
Sauıtbek Abdrahmanov. “Korifey”
21 oktyabr 2026-cı il | Saat 14:00 – 14:45
Salon: Konfrans Zalı
Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, jurnalist, ədəbiyyatşünas, yazıçı və tərcüməçi, Parlament deputatı Sauıtbek Abdrahmanovun “Korifey” kitabının təqdimatı. Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunan kitabın təqdimatında müəllif şəxsən iştirak edəcək. O, kitabın məzmunu və yaranma tarixindən bəhs edəcək, eləcə də Abiş Kekilbayevin ədəbi və mənəvi irsinin türk dünyası üçün əhəmiyyətini diqqətə çatdıracaq.
“Xaqani Şirvani – pyeslər toplusu”
21 oktyabr 2026-cı il | Saat 17:00-17:45
Salon: “Məhəmməd Füzuli” təqdimat zonası
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Xaqani Şirvani – pyeslər toplusu” kitabının təqdimat mərasimi. Kitabda Xalq şairi Məmməd Rahimin “Xaqani”, tanınmış ədib Zeynal Xəlilin “Şairin yuxusu” və istedadlı qələm sahibi Novruz Gəncəlinin “Zəlzələ” pyesləri yer almışdır. Hər üç əsərdə Xaqaninin dövrü, zəmanənin sultanları, həmkarları, ozamankı ictimai-siyasi, mədəni-ədəbi mühit barədə kifayət qədər dolğun düşüncələr və bədii təxəyyülün məhsulu olan dəyərli məqamlar yer alıb.
“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında”
24 oktyabr 2026-cı il | Saat 14:00 – 14:45
Salon: “Nizami Gəncəvi” təqdimat zonası
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabının təqdimatı. Nəşr Azərbaycan Respublikasının Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşündə Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev tərəfindən səsləndirilmiş böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 585 illiyinin qeyd edilməsi ilə bağlı tapşırığın icrası, eləcə də görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyi münasibətilə işıq üzü görüb.
Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının müqayisəli tədqiqinə həsr olunmuş kitabda müxtəlif illərdə dərc edilmiş elmi məqalələr ilk dəfə sistemləşdirilərək vahid nəşrdə bir araya gətirilib.
“Yunus Əmrənin həyatı və şeirlərindən seçmələr”
24 oktyabr 2026-cı il | Saat 17:00 – 17:45
Salon: “Məhəmməd Füzuli” təqdimat zonası
Böyük türk şairi və mütəfəkkiri Yunus Əmrənin həyatına, yaradıcılığına və zəngin mənəvi-fəlsəfi irsinə həsr olunmuş “Yunus Əmrənin həyatı və seçilmiş şeirləri” kitabının təqdimatı. Nəşrin müəllifi türk ədəbiyyatının tanınmış tədqiqatçısı, akademik, professor Mustafa Tatçıdır.
Müəllifin və kitabın tərcüməçilərinin təqdimat mərasimində şəxsən iştirakı tədbirə xüsusi əhəmiyyət qatacaq. Onlar nəşr üzərində aparılan işin xüsusiyyətləri, Yunus Əmrənin poetik irsinin əhəmiyyəti və onun türk dünyasının ortaq mənəvi və mədəni dəyərlərinin möhkəmləndirilməsindəki rolu haqqında məlumat verəcəklər.
“Oljas Süleymenov Azərbaycanın gözü ilə”
24 oktyabr 2026-cı il | Saat 18:00 – 18:45
Salon: “SOCAR” təqdimat zonası
Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan nəşrdə Türk dünyasının fəxri olan görkəmli şair Oljas Süleymenov ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı tarixi dialoqlar, böyük yazıçının Ulu Öndər barədə müsahibələri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Oljas Süleymenovla bağlı imzaladığı rəsmi sərəncamlar toplanıb.
Nizami Cəfərov. “Birinci Türkoloji Qurultay”
26 oktyabr 2026-cı il | Saat 14:00 – 14:45
Salon: “SOCAR” təqdimat zonası
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Fond tərəfindən nəşr edilən “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi.
Akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifləri olduğu nəşr Azərbaycan, qazax və rus dillərində hazırlanıb.
Təqdimat zamanı müəlliflər nəşrin konsepsiyası, elmi məqsədi və əsas tədqiqat yanaşmaları haqqında məlumat verəcəklər. Eyni zamanda, Birinci Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti, onun ideyalarının müasir dövrdə qorunub saxlanılmasının və təbliğinin aktuallığı, eləcə də Qurultayın elmi və intellektual irsinin türkologiya tədqiqatlarının inkişafında, elmi-maarifləndirmə fəaliyyətində və türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində rolu diqqətə çatdırılacaq.
Nizami Tağısoy. “Qazax ədəbiyyatı tarixi”
26 oktyabr 2026-cı il | Saat 16:00 – 16:45
Salon: Konfrans zalı
Azərbaycan Respublikasının Əməkdar müəllimi, ədəbiyyatşünas-tənqidçi, tərcümə nəzəriyyəsi üzrə tədqiqatçı, tərcüməçi, türkoloq, professor Nizami Tağısoyun müəllifi olduğu “Qazax ədəbiyyatının tarixi” kitabının təqdimat mərasimi.
Tədbir zamanı müəllif uzunillik elmi-tədqiqat əməyinin nəticəsi olan nəşri şəxsən təqdim edəcək, onun məzmunu və elmi əhəmiyyəti barədə məlumat verəcək. Kitabda qədim dövrlərdən müasir günümüzədək qazax ədəbiyyatının tarixi və tarixçiliyi qədim dövrlərdən günümüzə qədər ardıcıl olaraq öyrənilir, təhlil edilir, qazax mədəni düşüncəsinin müxtəlif tərəflərinə işıq salınır.
Türk Mədəniyyəti və İrsi Fondunun təqdim edəcəyi nəşrlər Türk xalqlarının zəngin ədəbi-mədəni irsinin, görkəmli şəxsiyyətlərinin və ortaq dəyərlərinin tanıdılmasına, eləcə də bu irsin müasir oxucuya çatdırılmasına mühüm töhfə verəcək.
Türk Mədəniyyəti və İrsi Fondunun təqdimat mərasimlərində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, türk dövlətlərindən olan ədəbiyyat və mədəniyyət xadimlərinin, tədqiqatçıların, alimlərin və kitabsevərlərin iştirakı gözlənilir.
Yeddi gün ərzində ədəbi-bədii proqramlarla müşayiət olunacaq kitab sərgisi hər kəs üçün ilin ən gözlənilən mədəniyyət hadisələrindən birinə çevriləcək.
Türk Mədəniyyəti və İrsi Fondu hər kəsi Bakı Ekspo Mərkəzində yerləşən sərgi stendini ziyarət etməyə, təqdim olunan nəşrlərlə tanış olmağa və türk dünyasının zəngin tarixi, ədəbi və mədəni irsinə həsr olunmuş kitab təqdimatlarında iştirak etməyə dəvət edir.





