Son dəqiqə

Qazaxıstan Meksika

KTZ Express Qazaxıstandan Azərbaycandan keçməklə Meksikaya TBNM vasitəsilə yük daşınmasını təşkil edib

Bakı. TurkicWorld:

Qazaxıstanın “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin törəmə müəssisəsi olan KTZ Express Almatı şəhərindən Meksika körfəzi sahilində yerləşən mühüm dəniz limanlarından biri – Verakrus limanına polimer məhsullarının konteynerlə daşınmasını təşkil edib.

Bu barədə Qazaxıstan Dəmir Yolları (KTJ) məlumat yayıb.

Daşınma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) infrastrukturundan istifadə edilməklə həyata keçirilib. KTJ-nin infoqrafikasına əsasən, marşrut Azərbaycanın Ələt limanından keçir.

“KTZ Express yükün Almatı şəhərindən Gürcüstanın Poti limanına qədər daşınmasının təşkilini, o cümlədən Xəzər dənizi vasitəsilə nəqlini təmin edib. Yükün Meksikanın Verakrus limanı istiqamətində sonrakı daşınması Maersk gəmiçilik şirkəti tərəfindən həyata keçirilir. Beləliklə, logistika zənciri Transxəzər marşrutunun imkanlarını KTZ Express tərəfdaşlarının beynəlxalq dəniz nəqliyyatı şəbəkəsi ilə birləşdirir”, – şirkətin məlumatında qeyd olunub.

Bildirilib ki, ixrac tədarüklərinin inkişafı ənənəvi satış bazarlarından kənarda Qazaxıstan məhsullarına marağın olduğunu göstərir. TBNM infrastrukturundan istifadə sayəsində Qazaxıstanın yük göndərənləri ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinə məhsul tədarük etmək imkanı əldə ediblər.

“Mexikoya göndəriş şirkətin beynəlxalq daşımalarının coğrafiyasını, o cümlədən Latın Amerikası istiqamətlərini genişləndirir”, – şirkətin məlumatında bildirilib.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya ilə Avropanı birləşdirən nəqliyyat-ticarət marşrutudur.

KTZ Express Qazaxıstanın və Avrasiya regionunun ən böyük logistika operatorlarından biridir. Şirkət multimodal daşımalar və yüklərin beynəlxalq çatdırılması üzrə ixtisaslaşıb, dəmir yolu, avtomobil, dəniz nəqliyyatı və anbar seqmentlərini vahid inteqrasiya olunmuş logistika sistemində birləşdirir. KTZ Express-in fəaliyyəti Çin, Mərkəzi Asiya, Avropa, Türkiyə və Yaxın Şərqin əsas bazarlarını əhatə edir. Şirkətin infrastrukturuna dəmir yolu terminalları, anbar kompleksləri, dəniz limanları və rəqəmsal logistika platformaları daxildir.

Mövzuya görə xəbərlər