Bakı,TurkicWorld
Qazaxıstan və Azərbaycan birgə intermodal yük terminalı və "Xəzər körpüsü" adlı yeni Transxəzər bərə sisteminin yaradılmasını planlaşdırır.
"Samruk-Kazına"nın məlumatına görə, Qazaxıstanın "Kazakhstan Temir Zholy" (KTZ) milli şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında intermodal yük terminalının və birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edən Niyyət Sazişi (Term Sheet) imzalanıb.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) üstünlük verilməklə konteyner və digər yükdaşımaların inkişafına yönəlib.
Saziş "Samruk-Kazına" SC-nin İdarə Heyətinin sədri Nurlan Jaqıpovun Azərbaycanın dövlət holdinqi AZCON-un rəhbərliyi ilə görüşünün yekununda imzalanıb.
Bundan əlavə, tərəflər "Xəzər körpüsü" adlı yeni Transxəzər bərə sisteminin yaradılması çərçivəsində "Samruk-Kazına" SC ilə AZCON Holdinq arasında əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd layihənin hazırlanması və həyata keçirilməsi zamanı tərəflərin qarşılıqlı fəaliyyətinin əsas prinsiplərini və istiqamətlərini müəyyən edir.
Görüş zamanı Qazaxıstan və Azərbaycan arasında investisiya və işgüzar əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, oktyabrın 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə toplantısında iştirak etmək məqsədilə Bakıya işgüzar səfəri çərçivəsində KTZ-nin törəmə şirkəti olan "KTZ Express Shipping" MMC üçün iki universal quru yük gəmisinin tikintisi layihəsinə dair sənədlərin mübadiləsi mərasimi keçirilib.
Gəmilər Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək. Yeni quru yük gəmilərinin Orta Dəhliz üzrə daşımalar üçün istifadəsi nəzərdə tutulur.
2026-cı il oktyabrın 1-də Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsi sədrinin müavini Kasım Tlepov Dünya Bankı Qrupunun tədbirində bildirib ki, Qazaxıstan 2028-ci ilədək konteyner daşımaları üçün səkkiz gəminin təhvil verilməsini gözləyir. Onlardan dördü Bakı Gəmiqayırma Zavodunda, digər dördü isə Çində inşa olunacaq.







