Bakı,TurkicWorld
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzəmin Əsgərov və "AZCON Holding"in nümayəndəsi Şahin Babayev Astanada keçirilən görüşdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz), eləcə də "Xəzər körpüsü" layihəsinin həyata keçirilməsi məsələlərini nəzərdən keçiriblər.
Layihə çərçivəsində bərələr dəmir yolu infrastrukturunun davamı rolunu oynayacaq. Bu, yükləri aşırmadan vaqonların Xəzər dənizi vasitəsilə daşınmasına imkan verəcək. Layihənin məqsədi ildə 8 milyon ton yükün zəmanətli daşınmasını təmin etmək, gələcəkdə isə bu göstəricini 10-12 milyon tona çatdırmaqdır.
Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində "Samruk-Kazına" SC və "AZCON Holding" layihənin hazırlanması və həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bundan əlavə, "Qazaxıstan Dəmir Yolları" milli şirkəti və "Azərbaycan Dəmir Yolları" QSC Ələt limanında birgə intermodal yük terminalının yaradılmasının əsas şərtlərinə dair sənəd (Term Sheet) imzalayıblar.
Görüşdə, həmçinin birgə terminal şəbəkəsinin yaradılması, lokomotiv və gəmiqayırma sahələrində sənaye əməkdaşlığı, tarif siyasəti, eləcə də yüklərin Avropaya çatdırılma müddətinin azaldılması məsələləri müzakirə olunub.
Görüşün yekununda tərəflər Qazaxıstan və Azərbaycan arasındakı münasibətlərin möhkəm qarşılıqlı etimad təməlinə əsaslandığını vurğulayıblar. İki ölkənin ümumi məqsədi Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizini daha etibarlı və səmərəli etməkdir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.







