Son dəqiqə

Azərbaycan Naxçıvan Türk dünyası XİN Türk Dövlətləri Təşkilatı (TDT)

Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir – XİN

BAKI,TurkicWorld

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə əlaqədar "X" hesabındakı paylaşımında yer alıb.

Bildirilib ki, Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir:

"Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir".

Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Türk Dövlətləri Təşkilatı

Qeyd edək ki, Türk Dövlətlərinin Əməkdaşlıq Günü hər il oktyabrın 3-də qeyd olunur. Bu tarix 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişi ilə bağlıdır. Həmin saziş türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində mühüm mərhələ olub.

Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan hökumətlərarası beynəlxalq təşkilatdır. Təşkilatın əvvəlki adı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası olub. 2021-ci ildə İstanbulda keçirilən sammitdə təşkilatın adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi qərara alınıb.

Təşkilatın hazırda beş üzv dövləti var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusuna malikdir. TDT çərçivəsində siyasi dialoq, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, təhsil, mədəniyyət, turizm, rəqəmsallaşma və təhlükəsizlik daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir. Təşkilatın əsas qərarverici orqanı Dövlət Başçıları Şurasıdır, Katibliyi isə İstanbul şəhərində yerləşir.

Mövzuya görə xəbərlər