BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra dayandırdığı barədə məlumat yayılıb.
TurkicWorldxəbər verir ki, İsrailin 12-ci televiziya kanalının yaydığı məlumata görə, adı açıqlanmayan yüksək vəzifəli israilli rəsmi ölkənin Trampın xahişinə uyğun olaraq İrana qarşı zərbələri dayandırdığını bildirib.
Mənbənin sözlərinə görə, bu qərar bölgədə gərginliyin daha da artmasının qarşısını almaq məqsədi daşıyır.
Bununla yanaşı, həmin rəsmi qeyd edib ki, Hizbullah tərəfindən İsrail şəhərlərinə qarşı hücumlar davam edərsə, İsrail Livanın paytaxtı Beyrutun cənub ətraflarını yenidən hədəfə ala bilər.
Məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Lakin bir sıra digər media qurumları da Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra İsrailin İrana qarşı hücumları dayandırmaq qərarı verdiyini yazıblar.
Rəsmi Təl-Əviv və Vaşinqton isə məsələ ilə bağlı ətraflı açıqlama verməyib.
Hadisələr bölgədə gərginliyin azaldılması istiqamətində diplomatik səylərin intensivləşdiyi bir dövrə təsadüf edir. Son günlər beynəlxalq vasitəçilər tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar prosesinə qayıtmağa çağırırlar.






