Son dəqiqə

İran Avropa İttifaqı Hərbi Dəniz Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı Sanksiyalar dəniz nəqliyyatı gəmiçilik təhlükəsizliyi

Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Avropa İttifaqı Hörmüz boğazında gəmi hərəkətnin təhlükəsizliyinə təhdid yaratdıqları iddiası ilə İranın hərbi qurumlarından birinə və iki İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqının yaydığı rəsmi məlumatda bildirilib.

Məlumata görə, sanksiyalar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüzqan əyaləti üzrə komandanlığına şamil olunub. Həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni də məhdudiyyət tətbiq edilən şəxslər siyahısına daxil ediliblər.

Bildirilir ki, Məhəmməd Əkbərzadə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrində siyasi məsələlər üzrə komandan müavini vəzifəsində çalışır. Həmid Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçılarını təmsil edən birlikdə fəaliyyət göstərir.

Avropa İttifaqı bu addımı gəmiçilik azadlığının qorunmasına yönəlmiş yeni sanksiya mexanizmi çərçivəsində atdığını bildirib. Məlumatlarda qeyd olunur ki, bu, həmin mexanizmdən istifadə edilərək tətbiq olunan ilk sanksiya qərarı hesab edilir.

Hörmüz boğazı dünya enerji bazarının ən mühüm nəqliyyat marşrutlarından biri sayılır. Dünyada daşınan neftin böyük hissəsi bu boğaz vasitəsilə beynəlxalq bazarlara çıxarılır.

Mütəxəssislər hesab edirlər ki, bölgədə gəmiçilik təhlükəsizliyi ilə bağlı yaranan hər hansı gərginlik qlobal enerji bazarlarına, neft qiymətlərinə və beynəlxalq ticarətə birbaşa təsir göstərə bilər.

Mövzuya görə xəbərlər