İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb (ÖZƏL)

İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin sentyabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 90 faiz artaraq, 47 milyon 571 min 888 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 62 faiz artaraq 12 milyon 186 min 749 nəfər, beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 35 milyon 385 min 139 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq 1 milyon 870 min 497 ton təşkil edib. Bununla yanaşı, sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq, 149 min 363 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 78 faiz artaraq, 1 milyon 870 min 497 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq, 313 min 778 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 46 faiz artaraq 82 min 368, beynəlxalq reyslər üzrə isə 69 faiz artaraq 231 min 410 olub.

2022-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 137 milyon 699 min 717 nəfər, yük dövriyyəsi isə 3 milyon 5 min 299 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.