BAKI. TurkicWorld:
Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) birgə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasını ("CAIP" və ya Proqram) təsis etmişdir. Sözügedən platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır. Proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunmuş, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilib.
TurkicWorld xəbər verir ki bu barədə SOFAZ məlumat verib.Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin - ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.
Proqramın baş tərəfdaşı qismində çıxış edən "China Galaxy Securities" şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – "CGS International Securities Pte. Ltd." region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.
Proqram çərçivəsində vəsaitlər Çin - ASEAN istiqamətində fəaliyyət göstərən nüfuzlu özəl kapital idarəçilərinin fondlarına, eləcə də seçilmiş ASEAN ölkələrində həyata keçirilən investisiya layihələrinə yönəldiləcəkdir. Bu investisiyalar Çin şirkətlərinin ASEAN bazarlarında fəaliyyətinin genişlənməsi və ya ASEAN şirkətlərinin Çin texnologiyası, təchizat zəncirləri və insan kapitalından faydalanması kimi istiqamətləri əhatə edir.
Çin İnvestisiya Korporasiyasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Jan Çinqson (Zhang Qingsong) bildirib:
"Çin İnvestisiya Korporasiyası, tərəfdaşlarımız olan İndoneziya İnvestisiya Qurumu və ARDNF ilə birlikdə "Galaxy Orientis" Çin - ASEAN İnvestisiya Proqramını ASEAN regionunun iqtisadi inkişaf perspektivlərinə olan möhkəm inamımıza və Çin - ASEAN əməkdaşlığının geniş potensialına əsaslanaraq həyata keçirir. Hesab edirik ki, ASEAN bazarına yönəlmiş yüksək keyfiyyətli şirkətlərə investisiya yatırmaqla Fond yalnız dayanıqlı maliyyə gəlirləri əldə etməyəcək, eyni zamanda regionda iqtisadi inkişafın təşviqinə töhfə verəcəkdir. Bu təşəbbüs, Çin İnvestisiya Korporasiyasının həmçinin, Çin suveren sərvət fondu kimi üstünlüklərindən istifadə edərək tərəfdaşlarla birgə qlobal investisiya imkanlarını dəyərləndirmək istiqamətində davamlı səylərinin bir hissəsidir."
İndoneziya İnvestisiya Qurumunun müvəqqəti baş icraçı direktoru Eddi Porvanto bildirib:
"Bu Proqram Çin–Cənub-Şərqi Asiya iqtisadi dəhlizi üzrə xüsusi investisiya platformasının yaradılması istiqamətində mühüm strateji addımdır. Bu, İndoneziya İnvestisiya Qurumunun bu proqram çərçivəsində digər investisiya fondlarına yatırım edən özəl kapital fond strukturuna ilk investisiyasıdır və yüksək keyfiyyətli investisiya imkanlarının reallaşdırılmasında strateji tərəfdaş kimi rolumuzu əks etdirir. Platforma vasitəsilə İndoneziya İnvestisiya Qurumu aparıcı qlobal institusional investorlarla əməkdaşlıq edərək uzunmüddətli kapitalın, eləcə də qlobal təcrübə və şəbəkələrin İndoneziyada dayanıqlı inkişafı və iqtisadi dəyərin yaradılmasını dəstəkləyən sahələrə yönəldilməsini hədəfləyir."
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib:
"ARDNF Çin–ASEAN İnvestisiya Proqramı çərçivəsində Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə tərəfdaşlıqdan məmnunluq duyur. Bu platforma suveren fondlar arasında əməkdaşlığın genişləndirilməsi və dünyanın ən dinamik iqtisadi istiqamətlərində yeni imkanlara çıxışın təmin olunması baxımından strategiyamızın mühüm mərhələsidir. Tərəfdaşların təcrübəsi və uzunmüddətli kapital imkanları hesabına Çin ilə Cənub-Şərqi Asiya arasında sürətlə inkişaf edən ticarət əlaqələri və təchizat zəncirlərinin inteqrasiyasının yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlana biləcəyik. Eyni zamanda, bu əməkdaşlıq ARDNF-nin investisiya portfelinin daha da şaxələndirilməsinə töhfə verəcəkdir."
"CGS International" şirkətinin İdarə heyətinin sədri Vu Penq bildirib:
"CGS International" Cənub-Şərqi Asiya regionu üzrə geniş təcrübəsini və formalaşmış tərəfdaş şəbəkəsini bu Proqramın həyata keçirilməsinə səfərbər edəcəkdir. Bu, regionda yüksək artım potensialına malik sahələrdən və artan investor marağından daha səmərəli şəkildə yararlanmağa imkan verəcəkdir. Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və ARDNF-yə bizə göstərilən etimada görə təşəkkür edirik. Biz regionun xüsusiyyətlərini və mövcud imkanları nəzərə alaraq tərəfdaşlarımıza dəstək göstərməyə hazırıq."
Fondun yaradılması ilə bağlı imzalanma mərasimi 13 aprel tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilib. Mərasimdə tərəfləri müvafiq olaraq Çin İnvestisiya Korporasiyasının icraçı vitse-prezidenti və baş investisiya direktorunun müavini Jan Şaoçinq (Zhang Shaoqing), İndoneziya İnvestisiya Qurumunun baş investisiya direktoru Kristofer Qanis, ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov, həmçinin "China Galaxy Securities" şirkətinin İcraiyyə Komitəsinin üzvü, biznes direktoru və "CGS International" şirkətinin İdarə Heyətinin sədri Vu Penq təmsil edib.






