BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi misirli həmkarı Bədr Əbdülattilə telefon danışığı apararaq regiondakı son vəziyyəti, İran–ABŞ gərginliyini və sülhün bərpası imkanlarını müzakirə edib.
TurkicWorld xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, telefon danışığı zamanı tərəflər İran və ABŞ arasında davam edən gərginliyi, eləcə də regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması yollarını nəzərdən keçiriblər. Bildirilib ki, hər iki nazir Manilada keçirilən ASEAN Xarici İşlər Nazirlərinin toplantısında iştirak edirdi.
Bu arada Misirin Xarici İşlər Nazirliyi cümə günü yaydığı bəyanatda İranın Bəhreyn, Küveyt və İordaniyaya qarşı hücumlarını pisləyib. Qahirə bu hücumların həmin dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid, həmçinin beynəlxalq hüquq və BMT Nizamnaməsinin pozuntusu olduğunu bəyan edib.
Abbas Əraqçi isə İranın Hörmüz boğazı ilə bağlı tələbləri yerinə yetirilməyənədək atəşkəsi qəbul etməyəcəyini bir daha vurğulayıb. O bildirib ki, Tehran qarşıya qoyduğu məqsədlərə nail olana qədər fəaliyyətini davam etdirəcək.
İranın xarici işlər naziri Rusiya, Çin və Pakistanın müharibənin dayandırılması istiqamətində apardığı təşəbbüslərə də münasibət bildirib. Onun sözlərinə görə, İranla ABŞ arasında vasitəçi problemi yoxdur və əsas çətinlik Vaşinqtonun yanaşmasıdır.
Əraqçi əlavə edib ki, İran təhdidlərdən çəkinmir, təzyiq altında qərar vermir və təhdid dili ilə danışılmasını qəbul etmir.







