Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Ankara. TurkicWorld:

2022-ci ilin iyul ayında Türkiyənin Muğla şəhərində yerləşən Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1,42 dəfə artaraq, 2 milyon 263 min 403 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 40 faiz artaraq 923 min 632 nəfər, beynəlxalq reyslər üzrə isə 3,84 dəfə artaraq 1 milyon 339 min 771 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,97 dəfə artaraq 27 min 666 ton təşkil edib. Bununla yanaşı, iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 7 min 831 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 5,33 dəfə artaraq, 19 min 835 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq, 22 min 958 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq 12 min 725, beynəlxalq reyslər üzrə isə 2,73 dəfə artaraq 10 min 233 olub.

2022-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 96 milyon 441 min 737 nəfər, yük dövriyyəsi isə 2 milyon 197 min 247 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.