Trabzon Beynəlxalq Hava Limanının yük dövriyyəsi 60 faizdən çox artıb

Trabzon Beynəlxalq Hava Limanının yük dövriyyəsi 60 faizdən çox artıb

Ankara. TurkicWorld:

2022-ci ilin may ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 68 faiz artaraq 8 min 690 ton təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq, 7 min 537 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 7,6 dəfə artaraq, 1153 təşkil edib.

Bu ilin may ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 59 faiz artaraq, 977 min 300 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin may ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 50 faiz artaraq 918 min 930 nəfər, beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 58 min 362 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq, 7 min 548 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 6 min 605, beynəlxalq reyslər üzrə isə 82 faiz artaraq 943 olub.

2022-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 56 milyon 987 min 895 nəfər, yük dövriyyəsi isə 1 milyon 388 min 522 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.