Bakı.TurkicWorld:
Rusiya Cənubi Qafqazda infrastruktur layihələrində iştirak etməyə hazırdır, lakin hələlik ABŞ Prezidenti Donald Trampın adını daşıyan nəqliyyat marşrutu layihəsinə qoşulmaqla bağlı müraciət almayıb.
"İnterfaks"ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Hazırda Donald Trampın adını daşıyan nəqliyyat marşrutu layihəsində iştirakla bağlı heç bir müraciət almamışıq. Lakin bütün maraqlı tərəflər imkanlarımızdan və iştirak etməyə hazır olduğumuzdan xəbərdardırlar", – deyə o bildirib.
Nazir Rusiyanın infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladıb.
"Rusiya Dəmir Yolları Cənubi Qafqaz Dəmir Yolu çərçivəsində konsessiyaya malikdir və fəaliyyət göstərir. Bu infrastruktur bizə yaxşı tanışdır və onun texniki xidməti bizim tərəfimizdən həyata keçirilir", – deyə Lavrov qeyd edib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqton Sülh Zirvə görüşündə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı razılıq əldə etmişdi. Layihə çərçivəsində Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında maneəsiz nəqliyyat vəı logistika əlaqəsinin qurulması nəzərdə tutulur.






