BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ kəşfiyyat orqanları Rusiyanın İrana Körfəz regionunda yerləşən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) aid obyektlərin koordinatlarını müəyyənləşdirməkdə kömək edib-etmədiyini araşdırır.
TurkicWorld xəbər verir ki, Reuters agentliyinin məlumatına əsasən, araşdırmanın əsas səbəblərindən biri İranın son pilotsuz uçuş aparatı hücumlarının yüksək dəqiqliklə həyata keçirilməsidir. ABŞ rəsmiləri bunu mümkün xarici dəstəyin əlaməti kimi qiymətləndirirlər.
Məlumata görə, araşdırma çərçivəsində Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyi də daxil olmaqla Körfəz regionunda yerləşən CIA obyektlərinin mümkün hədəfə alınması araşdırılır.
İranın ABŞ kəşfiyyat obyektlərini hədəfə aldığı barədə məlumatlar ABŞ-İsrail münaqişəsinin ilk günlərində The Washington Post və CNN tərəfindən dərc edilmiş xəbərlərdə də yer almışdı. Həmin nəşrlər anonim mənbələrə istinadən Rusiyanın ABŞ-ın bölgədəki personalı və obyektlərinin müəyyən edilməsində İrana yardım göstərdiyini iddia etmişdilər.
Paris Siyasi Elmlər İnstitutunun (Sciences Po) Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Nikol Qrayevski Rusiyanın bu prosesdə iştirak ehtimalını "realist ssenari" kimi qiymətləndirib. Onun sözlərinə görə, İran Rusiyanın malik olduğu peyk kəşfiyyatı imkanlarına sahib deyil.
Qrayevski bildirib ki, Rusiya daha əvvəl İranın pilotsuz uçuş aparatlarını radioelektron maneələrdən qoruyan sistemlərlə təmin etməkdə də ittiham olunub. Moskva isə bu iddiaları rədd edir.
Ekspert hesab edir ki, mümkün Rusiya dəstəyi İrana müəyyən üstünlük versə də, Tehran artıq özünün pilotsuz uçuş aparatları və raket proqramı hesabına əhəmiyyətli hərbi imkanlara malikdir.
Bu məlumat ABŞ dövlət katibi Marko Rubionun cümə axşamı Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü fonunda yayılıb. Rəsmi açıqlamaya görə, görüşün əsas mövzusu Ukrayna məsələsi olub.







