BAKI,TurkicWorld,Yusif Şərifzadə
Rusiya və Səudiyyə Ərəbistanı İranla ABŞ arasında əldə olunmuş anlaşmanın həyata keçirilməsi üçün kompromis həll yollarının tapılmasını dəstəkləyir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla birgə mətbuat konfransında bildirib.
TurkicWorld xəbər verir ki, Lavrov ərəb ölkələrinin öz iradələrinə zidd şəkildə ABŞ, İsrail və İran arasında qarşıdurmaya cəlb edilməsindən təəssüf hissi keçirdiklərini deyib.
Rusiya xarici işlər naziri Moskva və Ər-Riyadın İran və ABŞ arasında imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi üçün kompromis həllərin tərəfdarı olduğunu vurğulayıb. Tehran da münaqişənin həlli üçün Vaşinqtonun müddəti ötən memorandumda nəzərdə tutulan şərtlərə qayıtmasını tələb edir.
Lavrovun sözlərinə görə, Yaxın Şərqdə mövcud vəziyyətin hərbi yollarla həll edilməsi qəbuledilməzdir. O, diplomatik səylərin davam etdirilməsinin və qarşıdurmanın genişlənməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Moskva görüşündə regional təhlükəsizlik, enerji və Körfəz regionunda vəziyyətlə yanaşı, Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsini də müzakirə ediblər. Rusiya tərəfi regionda gərginliyin azaldılmasının və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Görüş Səudiyyə Ərəbistanının Yaxın Şərqdə diplomatik səyləri artırdığı bir vaxtda baş tutub. Ər-Riyad İran və ABŞ arasında qarşıdurmanın dayandırılması, eləcə də regionda təhlükəsizlik və sabitliyin qorunması istiqamətində danışıqların davam etdirilməsini dəstəkləyir.
Lavrov həmçinin Rusiyanın Səudiyyə Ərəbistanının Yəməndə siyasi nizamlanmaya nail olmaq səylərini dəstəklədiyini bildirib. O, husilərin Səudiyyə Ərəbistanına son hücumlarının əks nəticə verəcəyini və qlobal iqtisadiyyata zərər vurduğunu deyib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan isə ölkəsinin təhlükəsizliyini və maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcəyini bildirib. O, diplomatik yolun hələ də açıq olduğunu və Ər-Riyadın regionda sülhə xidmət edən səyləri dəstəkləməyə davam edəcəyini qeyd edib.
Rusiya və Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq da görüşün mühüm istiqamətlərindən olub. Tərəflər “OPEK+” çərçivəsində əməkdaşlığın davam etdirilməsinin qlobal enerji bazarında təklif və tələbin tarazlığının qorunması baxımından əhəmiyyətini vurğulayıblar.







