Son dəqiqə

BMT Baş Assambleyası Məsud Pezeşkian Hörmüz boğazı İran limanları diplomatik danışıqlar

ABŞ təzyiqi azaldarsa, Hörmüz boğazı açıla bilər - İran

BAKI,TurkicWorld

İran ABŞ-ın hərbi təzyiqi azaltması və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması halında Hörmüz boğazını yeddi gün ərzində yenidən aça biləcəyini bildirib. Bu barədə yüksəkvəzifəli İran rəsmisi Reuters-ə məlumat verib.

TurkicWorld xəbər verir ki, İran rəsmisinin sözlərinə görə, Vaşinqton diplomatik yolla məsələnin həllində maraqlı olduğunu rəsmi şəkildə açıqlamalı və prosesin necə irəliləyəcəyinə dair vaxt cədvəli ilə bağlı razılığa gəlməlidir.

İranın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin hazırda Nyu-Yorkda olduğu və ABŞ-la diplomatik danışıqların bərpası üçün tam səlahiyyətə malik olduğu bildirilib. Tehran öz təklifini sentyabrın 16-da vasitəçilər üzərindən ABŞ-a çatdırıb.

İran rəsmisi bildirib ki, Vaşinqtonla hərbi qarşıdurmaya son qoyulması ilə bağlı razılaşmanın detalları Nyu-Yorkda vasitəçilərin iştirakı ilə müzakirə oluna bilər. Onun sözlərinə görə, BMT Baş Assambleyasının sessiyası ABŞ üçün diplomatiyaya qayıtmaq baxımından mühüm imkan yaradır.

İran Prezidenti Məsud Pezeşkian çərşənbə axşamı Tehrandan Nyu-Yorka yola düşüb. İran rəsmisinin sözlərinə görə, Pezeşkianın BMT-nin Nyu-Yorkdakı qərargahında ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulmur.

Bu açıqlama İranın hərbi komandanlığının ABŞ-ın regiondakı tərəfdaşlarının dəstəyi ilə hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşdığı barədə xəbərdarlığından sonra verilib. İran hərbi komandanlığı belə bir addımın Tehran tərəfindən məhdudiyyətsiz cavabla qarşılanacağını bildirib.

Hörmüz boğazının açılması ilə bağlı açıqlama enerji bazarlarında da əks-səda doğurub. Reuters-in məlumatına görə, İranın şərti təklifi və Səudiyyə Ərəbistanının neft ixracı imkanlarını bərpa etməsi fonunda neft qiymətləri çərşənbə axşamı son iki həftənin ən aşağı səviyyələrinə düşüb.

Mövzuya görə xəbərlər