Son dəqiqə

İran ABŞ Hörmüz boğazı Diplomatiya Oman körfəzi İnqilab Keşikçiləri Korpusu Ərəbistan dənizi

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi ölkənin özünümüdafiə hüququnu qoruduğunu bildirərək, eyni zamanda BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq qurumları vasitəçilik prosesinə qoşulmağa dəvət etməyə hazır olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin bəyanatında beynəlxalq qurumların vasitəçiliyi üçün danışıqlar qapısının açıq saxlanıldığı, lakin ABŞ İran gəmilərinə və neft tankerlərinə hücumlarını davam etdirdiyi müddətdə Tehran tərəfinin də ABŞ obyektlərini hədəfə almağa davam edəcəyi bildirilib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasından qısa müddət sonra İslam İnqilabı Keşikçiləri Korpusu dənizdə məhdudlaşdırılmış ərazinin genişləndiriləcəyini açıqlayıb.

Bildirilib ki, yeni məhdudlaşdırılmış dəniz ərazisi İranın Çabahar limanından Oman körfəzinə və Ərəbistan dənizinin müəyyən hissələrinə qədər uzanacaq. Ərazinin dəqiq koordinatlarının daha sonra açıqlanacağı qeyd edilib.

İranın bu qərarı ABŞ-İran qarşıdurmasının Hörmüz boğazından kənara, Oman körfəzi və Ərəbistan dənizinə doğru genişlənməsi ehtimalını artırır.

Tehranın açıqlaması həm hərbi təzyiqi davam etdirmək, həm də beynəlxalq vasitəçilik imkanlarını açıq saxlamaq niyyətindən xəbər verir.

İran tərəfi ABŞ-ın İran gəmilərinə və neft tankerlərinə qarşı hücumlarını dayandıracağı təqdirdə diplomatik proses üçün daha geniş imkanların yarana biləcəyinə işarə edib.

Bununla yanaşı, dənizdə məhdudlaşdırılmış ərazinin genişləndirilməsi regionda gəmiçilik və enerji daşımaları üçün əlavə təhlükəsizlik riskləri yarada bilər.

Mövzuya görə xəbərlər