BAKI,TurkicWorld,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanı İranın İordaniyaya davam edən hücumlarını ən sərt şəkildə pisləyərək, bu hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın hücumlarını “əsassız və qəddar” adlandırıb və İordaniyanın hökuməti və xalqı ilə həmrəyliyini ifadə edib.
Nazirlik İranın İordaniyaya qarşı bombardmanlarının beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə “açıq şəkildə zidd” olduğunu vurğulayıb.
Ər-Riyad İordaniyaya və regionun digər ölkələrinə qarşı hücumların dərhal dayandırılmasının vacibliyini qeyd edib.
Səudiyyə Ərəbistanı Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində ciddi addımların atılmasına çağırıb.
İran İslam İnqilab Keşikçiləri Korpusu daha əvvəl İordaniyada ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı. İordaniya isə raketlərin böyük hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində itki qeydə alınmayıb. İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın bölgədəki “təcavüzü” sona çatana qədər cavab zərbələrinin davam edəcəyini bəyan edib.
İordaniyaya qarşı hücumlar ABŞ-İran qarşıdurmasının regiona daha geniş şəkildə yayılması fonunda baş verib və Körfəz ölkələrində təhlükəsizliklə bağlı narahatlıqları artırıb.







