BAKI,TurkicWorld
ABŞ tərəfinin İslamabad anlaşma memorandumuna qayıtması və öhdəliklərini yerinə yetirməsi ilə normal vəziyyətə qayıtmaq üçün şərait yarana bilər.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün (8 sentyabr) Yaponiya xarici işlər naziri Toşimitsu Motegi ilə telefon söhbətində deyib.
"Regionda hazırkı gərgin durum ABŞ-nin İslamabad anlaşma memorandumu çərçivəsində öhdəliyini yerinə yetirməməsinin nəticəsidir", -deyə o qeyd edib.
Əraqçi bildirib ki, İran və Oman aparılan danışıqlarda Hörmüz boğazında müvəqqəti keçid marşrutunun təyin olunması üçün ciddi irəliləyişlər əldə olunub. Hörmüz boğazının idarə olunması üçün gələcək mexanizmlər haqda anlaşma əldə olunması məqsədilə məsləhətləşmələr davam edir.
Telefon söhbətində Yaponiya xarici işlər naziri Toşimitsu Motegi də bildirib ki, regionda vəziyyətin gərginləşməsi narahat edən durumdur. Region ölkələri və aidiyyəti ölkələr arasında regionda təhlükəsizliyin bərpa olunması və Hörmüz boğazından təhlükəsiz və sərbəst keçid məqsədilə diplomatik məsləhətləşmələrin davam etdirilməsi önəm kəsb edir.
Telefon söhbətində nazirlər bəzi ikitərəfli və konsulluq məsələlərinin diqqətdə saxlanılması üzrə razılığa gəliblər.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.







