BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS rəsmisi Mahmud Mərdavi İsrail məskunlaşanlarının və İsrail hərbçilərinin fələstinlilərə qarşı davam edən hücumlarını pisləyib. O, 20 yaşlı Ömər Məhəmməd Tübəsinin öldürülməsini İsrail hökumətinin Qəzzada apardığı müharibənin davamı kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Mahmud Mərdavi bəyanatında İsrail məskunlaşanlarının və hərbçilərinin “davam edən qətllərinin” İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinin Qəzza zolağında apardığı müharibənin davamı olduğunu bildirib.
Mərdavi dünyanın “işğalın faşizminə və qəddarlığına” son qoymaqda uğursuz olduğunu deyib.
HƏMAS rəsmisi İsrail məskunlaşanlarının Qalkiliyanın şərqində yerləşən Həccə şəhərinə hücumu zamanı öldürülən Ömər Məhəmməd Tübəsinin ölümünə görə başsağlığı verib.
Məlumata görə, məskunlaşanlar İsrail ordusunun himayəsi altında şəhərə hücum ediblər.
Fələstin Səhiyyə Nazirliyi Tübəsinin başından güllə yarası aldıqdan sonra öldüyünü açıqlayıb.
Fələstinli Vəfa xəbər agentliyinin məlumatına görə, hadisə ötən gecə Həccə şəhərinə hücum zamanı baş verib.







