BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində İsrail qüvvələrinə və ya yaşayış məntəqələrinə hücum ediləcəyi təqdirdə Fələstin Administrasiyasına qarşı genişmiqyaslı hərbi əməliyyat başlanacağını bildirib. O, əməliyyatın Fələstin Administrasiyasının rəhbərliyini, təhlükəsizlik strukturlarını və digər qurumlarını hədəfə ala biləcəyini deyib.
TurkicWorld xəbər verir ki, Katsın açıqlaması İordan çayının qərb sahilinin şimalında baş verən bıçaqlanma hadisəsindən sonra səslənib. İsrail ordusu hücum edən fələstinlinin güllələnərək öldürüldüyünü bildirib.
Kats bəyan edib ki, Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələri və əlaqəli qurumlarının İsrail qüvvələrinə və yəhudi yaşayış məntəqələrinə oktyabrın 7-dəki hücumlara bənzər hücuma hazırlaşdığı müəyyənləşərsə, İsrail ordusuna “tammiqyaslı müharibəyə” hazırlaşmaq tapşırılıb.
Onun sözlərinə görə, mümkün hərbi əməliyyat Fələstin Administrasiyasının Ramallahda yerləşən rəhbərliyinə və təhlükəsizlik strukturlarına, həmçinin İordan çayının qərb sahilindəki “bütün terror infrastrukturuna” qarşı yönəldiləcək.
Kats əməliyyat çərçivəsində yüksək vəzifəli şəxslərə qarşı məqsədli sui-qəsdlərin həyata keçirilə biləcəyini də bildirib.
İsrail müdafiə naziri həmçinin hücumların həyata keçirildiyi şəhər və kəndlərdə sakinlərin köçürülməsinin və həmin ərazilərdə İsrail hərbi qüvvələrinin daimi yerləşdirilməsinin mümkün olduğunu açıqlayıb.
Bu açıqlama İsrail ilə Fələstin Administrasiyası arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşməsi təhlükəsini artırır.







