BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında yaşayan fələstinlilərin məcburi şəkildə ərazidən çıxarılaraq xarici ölkələrə göndərilməsini nəzərdə tutan plan açıqlayıb. Onun sözlərinə görə, planın ilk ilində 250 min fələstinlinin Qəzzadan çıxarılması nəzərdə tutulur.
TurkicWorld xəbər verir ki, İtamar Ben-Qvir bu açıqlamanı İsraildə gələn ay keçirilməsi nəzərdə tutulan və ciddi rəqabətin gözlənildiyi seçkilər ərəfəsində verib. Nazir planın sonrakı altı il ərzində Qəzzanın təxminən 2 milyon sakininin ərazidən çıxarılmasını nəzərdə tutduğunu bildirib.
Ben-Qvir planın həyata keçirilməsinin mümkün olduğunu iddia edib. Onun sözlərinə görə, Qəzzadan çıxarılacaq fələstinliləri qəbul etməyə hazır olan ölkələr var.
İsrailli nazir həmin ölkələrin adlarını açıqlamayıb və fələstinlilərin hansı dövlətlərə göndərilə biləcəyi barədə əlavə məlumat verməyib.
Açıqlanan plana əsasən, proses mərhələli şəkildə həyata keçirilməli və ilk mərhələdə yüz minlərlə insan Qəzzadan çıxarılmalıdır. Sonrakı illərdə isə ərazidə yaşayan fələstinlilərin böyük əksəriyyətinin köçürülməsi nəzərdə tutulur.
Plan fələstinlilərin Qəzzadan öz iradələri xaricində çıxarılması məsələsini yenidən gündəmə gətirib. Mülki əhalinin işğal olunmuş ərazilərdən məcburi köçürülməsi beynəlxalq humanitar hüquq baxımından ciddi hüquqi nəticələr doğura bilər.
Cenevrə Konvensiyalarına əsasən, işğal olunmuş ərazilərdə mülki əhalinin məcburi köçürülməsi müharibə cinayəti hesab olunur.






